“Qəbələ” bir ilə geri qayıdacaq” – Sxadadze

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Sumqayıt şəhərini, Samir Abasovu təbrik edirəm. Çoxdan idi, belə gözəl atmosfer görməmişdim. “Sumqayıt” qələbəyə layiq idi, Konfrans Liqasına gedəcəklər. Biz isə aşağı liqaya düşdük. Oyunçulara motivasiya vermək çətin idi. Amma “Sumqayıt”ın futbolçuları daha istəkli idi. Ümumiyyətlə, bərabər oyun getdi. Yenə də, bu iki ay müddətində nələrsə etməyə çalışdıq. Bir neçə ardıcıl qələbələr qazandıq, amma nəticə yenə aşağı liqadır. Bu komanda maksimum bir ilə geri dönəcək. Futbolda belə hallar olur. “Sumqayıt”ı və azarkeşlərini təşəkkür edirəm.

– “Qəbələ”nin çətin anında “12-ci oyunçu” onların yanında olub, belə dəstək göstərsəydi, liqada qalacaqdınız?
– Atmosferin olması çox yaxşıdır. Azarkeşlər hamıya motivasiya verir. Təəssüf ki, bəzi yerlərdə azarkeşlər öz şəhərlərinin komandalarına dəstək olmur.

– Yeni mövsümdə komandada qalacaqsınız?
– Sual altındadır.

– Komandanı vəziyyətdən çıxarmağınız çətin görünürdü. Geriyə baxanda özünüzü nə dərəcə günahkar hiss edirsiniz? Peşman olduğunuz hansısa qərar varmı? Hansı ki, fərqli etsəydiniz, başqa cür olardı deyə düşünürsünüz…
– Geriyə baxanda hər şeyi düşünmək olar. Amma artıq keçib. Oyunlara baxıb, analizlər edib, nələrisə düzəltməyə çalışırsan. Geriyə baxanda düşünmürəm ki, nəyi niyə etdik. Çətin dönəmdə gəlmişdim. Futbolçularda da inam lazım idi ki, vəziyyəti düzəldə bilək. Pis oynamadığımız oyunlar oldu, ancaq məğlub olurduq. Yaxşı oyunlarımız var idi, ardıcıl qələbələr qazandıq.