Qəbələdə sürpriz, Sumqayıtda 5 dəqiqənin hökmü

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub. Çempion “Qarabağ” ikincilik mübarizəsi aparan “Zirə”ni məğlub edib. Avrokuboka vəsiqə yarışında olan “Sabah” xal itirib, “Neftçi” və “Sumqayıt” isə inamlı qələbəyə sevinib.

Neftçi – Kəpəz 5:1

Ötən tur “Qarabağ”a böyük hesabla uduzan “Neftçi” azarkeşləri önündə inamlı qələbə qazanıb. Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv çempionatda iddiası qalmayan “Kəpəz”in müqavimətini qırıb. Üç xalla turnir cədvəlinin 3-cü sırasına yüksələn və “Zirə”, “Sabah”ı üstələyən “ağ-qaralar” sona iki tur qalmış yaxşı imkan yaxalayıb. “Kəpəz”lə görüşdə nəticə 5:1 olsa da, sərgilənən oyun iddialı danışmağa əsas vermir. Xüsusilə, müdafiədə verilən boşluqlar komandadakı əsas problemlərdəndir.

“Kəpəz” isə nəticənin elə də önəmli olmadığı perioddadır. “Neftçi” ilə görüşün əvvəlində daha aktiv olan, əks-hücumlarda “ağ-qaralar”ın boşluqlarını yaxalayan “sarı-göylər” bir neçə qol imkanı da yarada bildi. Itkilər fonunda komandanın bu oyunu gələcək adına ümidvericidir.

Araz-Naxçıvan – Turan Tovuz 0:1

Premyer Liqada iddiası qalmayan iki kollektivin duelində bir qol vurulub. “Araz-Naxçıvan” hücumda daha aktiv olan tərəf kimi çıxış etsə də, son zərbələrdəki uğursuzluq sonda məğlubiyyətlə başa çatdı. Baş məşqçi Elmar Baxşıyev yeni mövsüm haqda düşünməyə başlayıb və komandanın onurğasını qurmağı fikirləşir. Mövqelər üzrə bir neçə oyunçunu sınaqdan keçirən Baxşıyev yavaş-yavaş planlamalara başlayıb.

“Turan Tovuz” isə ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanaraq, psixoloji durumunu düzəldə bildi. Ötən turda “Zirə”yə məğlubiyyətdən sonra da azarkeşlər ciddi narazılıq bildirmişdi. Tovuz təmsilçisi oyun baxımından yaxşı görünməsə də, qazanılan qələbə son turlaröncəsi komanda üçün motivasiya olacaq.

Zirə – Qarabağ 0:1

İkincilik mübarizəsi aparan “Zirə” çempionla dueldən xalsız ayrıldı. “Qarabağ” qızıl medalları təmin edib və matçlara əvvəlki kimi motivasiyalı çıxmır. Xüsusilə, legionerlər mövsümün bitməsini və az da olsa, istirahət etməyi düşünür. Müdafiədə boşluqlar verən “atlılar”ın performansından qeyd edilən məsələ səbəbindən eniş hiss edilir.

“Zirə” isə daha istəkli idi. İkincilik iddiasında olan Rəşad Sadıqovun komandası birinci hissədən üstünlüyü ələ alıb, hücumlar qurmağa başladı. Bəzi epizodlarda təhlükə yarada bilsə də, son zərbələrdə dəqiqlik çatmadı. İkinci hissədə də geridönüş etməyə çalışan “qartallar”ın xal qazanmağa gücü çatmadı. Bu nəticə ilə “Zirə” dördüncü pilləyə gerilədi və ikinci “Sumqayıt”dan iki, üçüncü “Neftçi”dən isə bir xal geri düşdü. Qarşıdakı iki turda komanda qələbə qazanmaqla yanaşı, rəqiblərin xal itirməsini gözləyəcək.

Qəbələ – Sabah 2:0

Elitanın sonuncusu olacağı dəqiqləşən “Qəbələ” ardıcıl ikinci oyunda qələbə qazandı. Bu mövsüm ilki yaşayan “qırmızı-qaralar” son matçlara daha rahat və təzyiq olmadan çıxır. Futbolçuların bu baxımdan rahatlığı bəlkə də, nəticələrə əsas səbəbdir. Daha əvvəl matçlarda yaradılan epizodları dəyərləndirə bilməyən “Qəbələ”lilər indi dəqiq zərbələrlə nəticə əldə edə bilir.

“Sabah” isə avrokuboklara vəsiqə uğrunda zərbə aldı. “Zirə”nin xal itirdiyi turda qazanılacaq qələbə komandanı “qartallar”dan önə keçirə bilərdi. Lakin həm nəticə, həm də oyun “Sabah” adına yaxşı olmadı. Baş məşqçi Krunoslav Renduliç isə yenə sakitliyini qorudur. Kifayət qədər rahat görünən mütəxəssis özü də başa düşür ki, hər şey öz əllərindədir. “Sabah” avrokubok zonasında son iki turu çətin rəqiblərlə qarşılaşacaq yeganə komandadır. “Futuristlər” müvafiq olaraq “Sumqayıt” və “Neftçi” ilə üz-üzə gələcək. İki qələbə komandanı avrokuboklara apara bilər.

Sumqayıt – Səbail 2:1

“Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı uğurlu nəticələrinə daha birini əlavə etdi. İlk hissənin sonlarında 5 dəqiqəyə vurulan qollarla “Səbail”i məyus edən “kimyaçılar” ikincilik yolunda bir addım önə keçə bildi. Samir Abasovun komandası növbəti turda səfərdə “Sabah”ın qonağı olacaq və qazanılacaq qələbə avrokubok qapısını açacaq.

“Səbail”in enişi isə davam edir. Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv daha çox qol epizoduna girsə də, dəqiqlik çatmadı. Ümumiyyətlə, “Səbail”də bu mövsüm realizasiya problemi qabarıqdır. Cinahlardan sürətli reydlərlə cərimə meydançasına daxil olmağı bacaran “dənizçilər” topu “çərçivə”yə yollamaqda çətinlik çəkir. Diniyev oyundan razı qaldığını bildirir, ancaq komanda artıq 7-ci pilləyə geriləyib.

Premyer Liqada sona iki tur qalmış avrokubok mübarizəsi davam edir. İkinci “Sumqayıt”ın 54, beşinci “Sabah”ın isə 52 xalı var. Növbəti turda “kimyaçılar” qələbə qazansa, “Sabah” üçün yarış bitə bilər.

Şahin Cəfərov