Gecikmiş qələbələr

Azərbaycan Premyer Liqasında XXXV tura yekun vuruldu. Turun son oyununda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edirdi. Qarşılaşma meydan sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Görüşə “Qəbələ” daha üstün başladı. Komandanın ilk hissədə ara-sıra hücumları olsa da, nəticədə hesab dəyişmədi. Bu matç “Qəbələ”nin Premyer Liqada son ev oyunu olduğunu nəzərə alsaq, komanda vida qarşılaşmasını qələbə ilə tamamlamaq istəyirdi. Premyer Liqada heç bir iddiası qalmayan “Araz-Naxçıvan” isə meydanda yaddaqalan oyun sərgiləyə bilmədi. Komanda sanki çempionatın tez bitməsini istəyirmiş kimi meydana çıxmışdı. İlk hissədə hesab açılmasa da, ikinci yarıda “Qəbələ”nin daha üstün oyunu sayəsində qollar vuruldu. 49-cu dəqiqədə Osama Xalayla komandasının ilk qolunun müəllifi oldu. Oyunda son nöqtəni isə Əyyub Allaş qoydu. 87-ci dəqiqədə fərqlənən futbolçu komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirdi. Elmar Baxşıyev sabiq komandasına qarşı heç nə ilə yadda qalmadı.

“Qəbələ”nin isə son turlarda oyununda yüksəliş hiss olunur. Belə ki, komanda ardıcıl üçüncü qələbəsini qazandı. “Səbail”, “Sabah” və “Araz-Naxçıvan”ı məğlub edən “qırmızı-qaralar” mövsümdə 7-ci dəfə meydanı 3 xalla tərk etdi. Lakin bu xalların turnir cədvəli sarıdan “Qəbələ”yə heç bir təsiri yoxdur. Fəqət, “Sabah” üzərindəki qələbə avrokubok mübarizəsinə daha da maraq qatdı. Bəlkə də futbolçulara psixoloji basqı olmadığındandı ki, Kaxaber Sxadadzenin kollektivi meydana daha rahat şəkildə çıxır. Lakin dəyişməyən tək gərçək var: “Qəbələ” Premyer Liqanı tərk edir. Bəzi media nümayəndələri və azarkeşlər idman prinsiplərinin pozulmasına o qədər vərdiş edib ki, indi “Qəbələ”nin Premyer Liqada qalmasını daha doğru sayırlar. Düzdür, onların da özlərinə görə səbəbləri var. Azərbaycanda “Qəbələ” kimi infrastruktura malik klub demək olar ki, yoxdur. Bu səbəbdən bu şəraitin itib-batmasını istəmirlər. Lakin “Qəbələ”nin Premyer Liqada qalması, üstəlik infrastruktur və maliyyə sarıdan əziyyət çəkən iki klubun da elitaya vəsiqə qazanması AFFA üçün “baş ağrısı” ola bilərdi. Odur ki, “Qəbələ” kimi komandanın elitanı tərk etməsi nə qədər üzücü olsa da, inkişaf üçün, Qurban Qurbanovun təbirincə desək, böyümək üçün bunlar şərtdir.