“Qəbələ” Premyer Liqada qalsaydı…” – Sxadadze

Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Bu gün sərgilədiyimiz oyuna görə futolçularımıza təşəkkür edirəm. Yaxşı oyun göstərdilər. Son bir neçə oyundur yaxşı çıxış edirik. Təəssüf ki, I Liqaya düşəcəyik, amma futbolçularım buna baxmayaraq, peşəkar çıxış edirlər. Onlara xüsusi təşəkkür düşür. Bu gün böyük hesablı qələbə qazana bilərdik. Qol imkanlarımız çox oldu, amma fərqlənə bilmədik. Nəticədə yaxşı oyun görtərdik. “Qəbələ” Premyer Liqada qalsaydı, növbəti mövsüm Premyer Liqada yaxşı yerlər uyğunda mübarizə apara bilərdik. Nə etmək olar, həyat mübarizəni sevir.

– Premyer Liqadan düşməzdən əvvəl futbolçuların keyfiyyətindən şikayət edirdiniz. İndi isə fərqli şeylər görürük. Necə oldu birdən-birə keyfiyyət artdı? Bu futbolçuların sona qədər mübarizə aparmasından irəli gəlir, ya onlar özlərini başqa klublara göstərmək üçün belə oynayırlar?
– Keyfiyyətin aşağı olduğunu bildirməmişəm. Demişəm ki, fərdi səhvlər çox edirik. Bu gün müdafiədə səhv etmədik, amma 6 qol vura bilərdik. Oyunçumuz epiozdlardan fərqlənə bilmir. Demək bunun üzərində işləmək lazımdır. Keçən oyunlara baxdıqda görürük ki, yaxşı oynamışıq. Ya bəxtimiz gətirməyib, ya da ustalıq səviyyəsi aşağı olub. “Neftçi” ilə oyunda rəqib bir zərbə vurdu, qol oldu, amma bizim 5 zərbəmiz nəticə vermədi. “Zirə”yə qarşı pis oynamışdıq. Ötən oyunda 5 imkanı qol çevirə bilmədik, bu gün 8-dən 2-ni qola çevirdik. Sadəcə müdafiədə səhv etməmək lazımdır.

– Bir neçə oyunçunuzla digər klublar maraqlanır. Məsələn, Əyyub Allaşla “Sabah”ın maraqlandığı iddia edilir. Necə düşünürsünüz, onların belə yaxşı çıxış etməsi özlərini digər klublara yaxşı göstərə bilməsindən irəli gəlir?
– Bu gün hər şeyi danışa bilərik. Fakt odur ki, aşağı liqaya düşürük. Digər tərəfdən hər oyunu həm də özünü düşünməlidir. Əgər dediyiniz kimidirsə, psixoloji baxımdan inkişaf ola bilər. Həmçinin oyunçu gərginliyində olanda ola bilər ki, yaxşı oynaya bilmir. Hər şey bəlli olduqdan sonra rahat oynayır.

– Komanda üzərində təzyiq olmayanda futbolçular rahat oynayır…
– Gərginlik altında yaxşı oynaya bilmiriksə, bu, futbolçular üçün pisdir. Bu gün gənclərdən Eşqin, İbrahim, Şahin özlərini yaxşı tərəfdən göstərir. İbrahim özünə inanır. Dİgər futbolçular da belə olmalıdır. Elə futbolçular var ki, məşqdə etdiklərini meydanda tətbiq edə bilmir.