AFFA İcraiyyə Komitəsinin dünən baş tutan iclasında Premyer Liqada komanda sayının artırılmaması qərarı qəbul olunub. Bununla da, çempionatda sonuncu sırada yer alan “Qəbələ”nin yeni mövsümdən I Liqada mübarizə aparacağı dəqiqləşib.
Düzü, qərarın bu yöndə olacağı gözlənilən idi. Mövsümün əvvəlindən AFFA rəhbərliyi, başda icraçı-vitse prezident Sərxan Hacıyev olmaqla qurumun rəsmi şəxsləri idman prinsiplərinin qorunacağını dəfələrlə söyləmişdi. Artıq ikinci ildir, Premyer Liqada qaydalar qorunur və bu, bir baxımdan müsbət məqamdır.
“Qəbələ” elitada qalmalı idi?
Qərarın mənfi tərəfi isə “Qəbələ”nin aşağı liqaya düşməsidir. Azərbaycan futbolunda infrastruktur, akademiyası, şəraiti yüksək səviyyədə olan azsaylı klublardan olan “qırmızı-qaralar”ın yeni mövsümdən daha aşağı büdcə ilə mübarizə aparacağı gözlənilir. Son illərdə maliyyə problemləri yaşayan komanda üçün bu da ağır zərbə olacaq. Akademiyaya ayrılan büdcə azaldılmışdı, bundan sonra necə olacağı sual altındadır.“Qəbələ” uzun illər Azərbaycan futboluna yaxşı oyunçular bəxş edib. Son illərdə durğunluq dövründə olan akademiyanın növbəti fəaliyyəti düşündürücü məqamlardandır. I Liqa klublarına 300 min vəsait ayrılır və bu məbləğ, “Qəbələ” kimi klubu saxlamaq üçün kifayət deyil. Eyni zamanda sponsorların da ayrılan vəsaiti azaldacağı gözlənilir.
Komandanı bundan sonra nə gözləyir?
Hazırda komandada 10 legioner var və onların yeni mövsümdə “Qəbələ”də olacağı ehtimalı azdır. I Liqanın səviyyəsi ortadadır və “qırmızı-qaralar” legionersiz, gəncləri ilə də yaxşı nəticələrə imza atmaq potensialındadır. Aşağı liqada da 10 komanda mübarizə aparır və çempionluq mübarizəsi 2-3 kollektiv arasında gedir. “Qəbələ”nin yeni mövsümdə qızıl medal şansları çoxdur, böyük ehtimal da yenidən elitaya qayıdacaqlar. Lakin bu məqamda diqqət yetiriləsi əsas məsələ akademiyanın çətin olsa da saxlanılmasıdır. I Liqada akademiyadan çıxan gənclərə şans verib, onları ölkə futboluna qazandırmaq da olar. Bu baxımdan I Liqada mübarizə xüsusilə, gənclər üçün yaxşı fürsət ola bilər.
Futbol prinsiplər oyunudur. İllərdir idman prinsipləri qorunmurdu deyə narazılıqlar var idi. Artıq iki ildir, bu məsələ də relsinə oturub. Qalır, mübarizə aparıb, yenidən Premyer Liqaya qayıtmar.
İngiltərədə çempionluq yaşayan “Lester” daha sonra aşağı liqaya düşüb, amma bu mövsüm yenə elitaya vəsiqə qazandılar. Tək İngiltərə deyil, dünyanın hər yerində yaxşı infrastrukturu olan klubların durğunluq dönəmi yaşadığı məlumdur. Əsas olan kluba ayrılan diqqətin azalmaması, var güclə yenidən çalışılmasıdır.
Şahin Cəfərov