Azərbaycan Premyer Liqasının I turunun “Sabah” – “Şamaxı” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Çempionat gərgin başladı. Səfərdə “Sabah”dan bir xal qazanmaq bizi sevindirdi. Çətin olacağını bilirdik, yeni komandayıq. Uyğunlaşmağa bir neçə oyun lazım idi. İlk dəqiqələrdə müdafiə planında səhvlərə yol verdik, qollar buraxdıq. Ruhdan düşmədik və geridönüş etdik. Növbəti matçlarda daha yaxşı olacağıq. Hər kəsi, azarkeşləri təbrik edirəm. Hər xal bizimçün vacib olacaq. “Sabah”a avrokubok oyununda uğurlar arzu edirəm. Ümid edirəm ki, klublarımız Avropada Azərbaycanı layiqincə təmsil edərlər.
– Oyundan, ya nəticədən razı qaldınız?
– Hər ikisindən.
– Gənc futbolçulardan bir komanda formalaşdırmısınız. Bu heyətlə əsas hədəfiniz nədir?
– Oyun baxımından artırmalıyıq. İlk oyundan razı qaldım. Amma bizi qarşıda çətin matçlar gözləyir. Gənc futbolçular üçün böyük şans yaranıb. Həmişə gənclərə şans verilməməsindən gileylənirik. Həqiqətən, potensiallı uşaqlarımız var. Bu komandaya inanıram. İnandığım üçün gəlmişəm və əlavə 1-2 futbolçu da istərdim. Bu il əsas məqsədimiz Premyer Liqada möhkəmlənmək, uşaqların potensialını artırmaqdır. İstədiyim oyunu görmürəm, daha yaxşı olmaq istəyirik.
– Transferlər yekunlaşıb?
– Pulumuz qurtarana kimi transferlər edəcəyik.
Şahin Cəfərov