Psixoloq: “İdmanda uşaqlara sərbəstlik vermək önəmlidir”

FutbolPressUşaq futbolunda mövcud problemlərdən biri valideyn-uşaq-məşqçi münasibətləridir. Aşağı yaş qruplarında çalışan mütəxəssislərlə söhbətimiz zamanı məşqçilər dəfələrlə valideynlərin uşaqlara təzyiqindən, onlardan qollar gözlənilməsindən və bunun uşaqda əlavə təzyiq yaratmasından bəhs ediblər. Problemlər azmış kimi, bu da məşqçilərin işinə mane olur, uşaqların inkişafı mənfi mənada təsirini göstərir.

Mövzu ilə bağlı Azərbaycanda ən uğurlu uşaq futbol layihəlәrindәn sayılan “Sabahın Ulduzları”nın təşkilatçısı Tahir Süleymanovla danışdıq. Keçmiş funksioner valideyn-uşaq-məşqçi münasibətlərini tənzimləməyin yollarından söz açdı. Onun fikrincə, çıxış yolu üçün kompleks yanaşma mütləqdir:

“Mövzu Azərbaycan futbolunda qlobal xarakter daşıyır. Məsələnin incələnməsi, çıxış yolları, həlli üçün kompleks yanaşma mütləqdir! Uşaq futbolunda ümumi sistemi tənzimləmədən, tələblərə uyğun üst səviyyəyə çatdırmadan, məşqçi-valideyn-uşaq münasibətlərinin nizamlanması mümkünsüzdür. Ümumi futbol sistemi ilə yanaşı məşqçi icraçıdır, uşağı isə valideyndən ayırmaq düzgün deyil. FIFA/UEFA-nın bəlli qaydaları var, hətta uşaq/yeniyetmə istedad başqa ölkə klubuna gedirsə, mütləq valideynlərdən biri onunla qalmalı, yaxın olmalı, hüquqi tərəfləri tam nizamlanmalıdır. Ölkə daxilində akademiyalara, başqa klublara yönələn uşaqlar üçün maksimum 100 km uzaq məsafədə məskunlaşması məsləhət görülmür. Bu, tək futbolla bağlı deyil, uşaqları ailələrdən tam ayırmaq, tərbiyəvi, psixoloji inkişaf baxımdan məqsədəuyğun sayılmır. Kütləvi anarxiya, qarşıdurma niyə yaranır, çünki futbol təsərrüfatı yerində deyil, düzgün idarə olunmur. Bütün münasibətlər doğru qurulmuş futbol sisteminin daxilində qarşılıqlı qaydada yoluna qoyulmalıdır. Uşaq futbolunda tək gələcəyin futbolçusu yetişməməlidir, eyni zamanda sabahın tam yararlı sağlam vətəndaşı formalaşmalıdır, bu, həm də sosial məsələdir.  Hər futbolla məşğul olan uşaqdan peşəkar futbolçu çıxmır, bütün dünyada belədir”.

Süleymanov məsələnin həlli üçün uşaq futboluna köklü dəyişikliklər edilməsinin vacibliyini vurğuladı:

“Ən önəmli məqam, uşaq futbolu sistemi əzab, iztirabdan qurtulub, peşəkar yanaşma ilə birgə,  məşqlərin, yarışların bayram əhvalına çevrilməsidir. Belə olduqda, məşqçi-valideyn-uşaq münasibətləri təbii olaraq böyük ölçüdə tənzimlənmiş olur. Burada ictimai nəzarət də xüsusi rol oynayır. “Sabahın ulduzları” layihəsini ərsəyə gətirəndə, yarışların təşkili, səviyyəsi, bayram əhval-ruhiyyəsi, tərbiyə, uşaqların qalib, milli ruhda böyüməsi, futbol sirrlərini mənimsənməsi, təbliğat, media dəstəyi ilə yanaşı, məşqçi, valideynlərlə münasibətlərə xüsusi önəm verilirdi.  Xüsusi olaraq Valideynlər Komitəsi yaradılmışdı, bütün zəruri problemlər, təkliflər dərhal müzakirə edilir, uşaqların gələcəyi naminə yerində həll olunur, qərarlar qəbul edilirdi.

Peşəkar təşkilatçılıq, qarşılıqlı inam, səmimiyyət yaradılacağı halda, qeyd olunan problemlər aradan qaldırıla bilər. İllərdi marketoloqların uşaq-gənclər futboluna rəhbərliyi  qarşılığında indiki anarxiyanın olması təəccüblü deyil. Məşqçi-valideyn-uşaq münasibətləri sistemin, işlək mexanizmin bir qoludur/olmalıdır. İlk öncə, uşaq futbolunda köklü dönüş yaradılmalıdır”.

Valideynin uşaqlara məşq zamanı qışqırması, onu yönləndirməsi qəbuledilməz məsələlərdəndir. Komanda yoldaşlarının yanında danlanan uşaq istər-istəməz psixoloji gərginlik yaşayır və bu, onun məşq prosesindən faydalı yararlanmasına təsir göstərir.

İnkişaf istənilirsə, başlıca həlledilməli məsələlərdən biri də valideyn-uşaq münasibətlərinin tənzimlənməsidir. Təzyiq altında böyüyən uşaq gələcəkdə cəmiyyət üçün də təhlükəli ola bilər. Uşaqlarla davranış zamanı diqqətli olmaq vacib məsələlərdəndir. Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızının da fikirlərini öyrəndik.

“Valideynin uşağa təsiri tək futbolda deyil, hər sahədə özünü göstərir. Uşaqları idarə etməyə çalışmaq, onun sərbəstliyini əlindən almaq təsirsiz ötüşmür. Valideyn uşağa göstəriş verərək düşünür ki, valideynlik haqqlarından istifadə edirlər və sanki uşaqlarını qorumaq missiyalarını yerinə yetirirlər. Bunun mənfi və müsbət təsirləri var. Mənfi daha çoxdur. Bir məqamda da müsbət də mənfiyə çevrilir. Uşaq artıq sərbəst olmur, özünə inanmır. Yıxılırsa, qalmağa çalışmır. Bu, uşaqların şüuraltında qalır və gələcəkdə onlarda psixoloji təsir göstərə bilir. Böyüyəndə ağrı hiss edəndə də, düşünürlər ki, mən bacarmaram”.

Psixoloq valideynlərin uşaqlara sərbəstlik verməyinin vacibliyindən söz açdı:

“Xüsusilə, idmanda uşaqlara sərbəstlik vermək önəmlidir. Çünki onlar nəzarətsiz olmur, məşqçilər onlara nəzarət edir, onları yönləndirə bilirlər. Valideynin işlərə müdaxiləsi müəyyən problemlərə yol açır. Təzyiq altında olan uşağın karyerasının növbəti hissəsi də çətin keçməyə başlayır. Məşqçilər uşaqların idmandakı ruh halını, onların xarakterini yaxşı bilir və ona uyğun davranırlar. Bu səbəbdən uşaqlara sərbəstlik vermək vacibdir. Çalışmalıyıq ki, uşaqlarda erkən yaşlardan sərbəst düşüncə formalaşsın, analitik qabiliyyəti yaransın. Bunların nəticəsində gələcəkdə cəmiyyətə sağlam düşüncəli idmançı verə bilərik”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu