“Problemləri limitdə axtarmaq düzgün deyil”

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi məsələsi gündəmdədir. AFFA İcraiyyə Komitəsinin yaxın günlərdə toplantısı olacaq və bununla bağlı yekun qərar veriləcək.

“Qəbələ”nin idman dirketoru Səbuhi Səfiyarlı “FutbolPress“ə açıqlamasında məsələ haqda fikirlərini bölüşdü:

“Legioner limitinin ləğvinin faydaları və ya zərərləri haqda nəsə demək çətindir. 20 ildir, futboldayam və bir neçə dəfə limitlərin tətbiqini görmüşəm, lakin bunlar hansısa dəyişikliyə səbəb olmayıb. Problemləri limitdə axtarmaq düzgün deyil. Legioner limitinin tətbiqi zamanı detallar araşdırılmalıdır. Yəni, hansı hallarda hansı üstünlüklər qazanılacaq və ya mənfi tərəflər olacaq. Əlavə olaraq, yerli oyunçuları oynatmaqçün təşviqlər olmalıdır. Mətbuatda eşitmişəm ki, yerli oyunçuları oynatmaqla klublara mükafatlar verilə bilər. Lakin bu da yüksək olmalıdır. Çünki klub düşünməlidir ki, yerli oyunçunu oynadaraq böyük pullar qazana bilər. Xırda məbləğlərə ehtiyac olmayacaq. Yerliləri məcburiyyətdən oynatsaq da, fayda olmayacaq. Xırda detallar çoxdur. Məsələn, belə müqayisə aparım, Azərbaycanda məşqçilərə limit yoxdur, amma klubların demək olar, çoxu yerli məşqçilərlə işləyir. Eyni şey futbolçulara da aiddir. Keyfiyyəti olan oyunçu legionerlər arasında özünə yer tapacaq”.

Funksioner Azərbaycanda uşaq futbolundakı problemlərdən və çıxış yollarından da söz açdı:

“Biz keyfiyyətli yerli oyunçuları üzə çıxarmağın yollarını tapmalıyıq. Qayıdırıq uşaq futboluna, amma burda da böyük problemlər var. Uşaq futbolunun içindəki problemləri bir-bir sayıb, onların həllinə başlamaq lazımdır. Legioner limitini müvəqqəti aradan qaldırmaq olar, amma bir istiqamətdə olmamalıdır. Limitin ləğvi ilə yanaşı, fərqli qərarlar qəbul edilib, həyata keçirilməlidir. Xırda detallar hamısı nəzərə alınmalıdır. Çünki limitin dəyişməsi bu işlər görülməsə, faydasız olacaq. Neçə illərdir ki də belədir. Legioner limitinin ləğvi yerli oyunçuların oynamasına, qazancına böyük təsirlər göstərəcək. Belə deyim, yaxşı şəraiti, məşqçisi olan klub legioner gətirəcək. Yerli oyunçular da imkanı olmayan komandalarda oynayacaq. Biri var milliyə yaxşı şəraiti, imkanı olan klubdan oyunçu gələ, biri də var aşağı səviyyəli klublardan. Bu zaman da yığmanda keyfiyyətli oyunçu problemi yaşanacaq. Söhbət var ki, guya indi milli nəyə nail olur? D divizionuna düşmüşük, onsuz bundan aşağı düşmək olmur. Müzakirələr gedir, hər iki tərəflərin özlərinə görə haqlı səbəbləri var. Legioner limitinin sayının artması, azalması, ləğvi yox, bunların tətbiqində yaranacaq problemlərin həlli üçün üsulları da olmalıdır. Bunlar olacağı halda, vəziyyətdən çıxmaq olar”.

Şahin Cəfərov