Problem, həll, böyümə – MEDİA-nın rolu

16 ilə yaxındır fəaliyyətdə olan “FutbolPress” son 5-6 ayda ən çətin dönəmi yaşadı. Noyabrdan başlayan çətinlik ciddiyyətini yanvardan büruzə verməyə başladı. Saytın texniki dəstəyi fəaliyyətdə yaranan “qısa yubanmaların” qarşısını almaqda problemlərlə qarşılaşırdı.

Məsələ detallı şəkildə aydınlaşdırılandan sonra Medianın İnkişafı Agentliyinə (MEDİA) müraciət etməli olduq.

Artıq “FutbolPress“in müntəzəm fəaliyyətində axsamalar yaranmağa başlayarkən MEDİA-ya edilən müraciət karımıza yetməyə başladı. İlkin olaraq saytımıza qarşı intensiv və müntəzəm haker hücumlarının təşkil olunduğu texniki əməkdaşlar tərəfindən təsdiq olundu. Bundan sonra adıçəkilən təşkilatdan redaksiyamıza lazımi hüquqi dəstəyin veriləcəyi bildirildi.

Beləliklə, 4 ay haker hücumlarına qarşı mübarizə aparandan sonra, adıçəkilən qurumun dəstəyilə Xüsusi Rabitə Və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dadımıza yetdi.

Qurumun əməkdaşları xüsusi texniki vasitələrlə audit apararaq saytda yaranan və haker hücumları nəticəsində yaradılmış boşluqları müəyyənləşdirdi. Qısa zamanda boşluqlar aradan qaldırıldı və raport hazırlanaraq, görülməli işlərin siyahısı tərtib edildi.

Haker hücumlarının forması, məqsədi haqda daha sonra ayrıca və geniş bəhs edəcəyik, burada isə redaksiyamız adından hər iki quruma böyük təşəkkürümüzü bildirmək istəyirik.

FutbolPress” 2012 və 2018-ci illərdə də haker müdaxiləsinə məruz qalmışdı. İlk hücumun nəticələrini aradan qaldırmaq üçün host xidmətini dəyişməli olmuşduq. İkinci hücum elə də ağır olmadığı üçün nəticələri qısa müddətdə aradan qaldırılmışdı. Budəfəki müdaxilə isə miqyasına və gücünə görə o həddə idi ki, redaksiya imkanları çərçivəsində bunu həll etmək mümkün olmayacaqdı. Məhz MEDİA-nın dəstəyilə və Xüsusi Rabitə Və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin köməyilə “FutbolPress” indi xüsusi proqramlar vasitəsiylə qorunur və istənilən “hack” həmləsinə qarşı müdafiə mexanizmi var.

Bu, informasiya təhlükəsizliyi və media fəaliyyətinin təşkili baxımından böyük əhəmiyyət daşıyan bir məsələdir. Artıq onlayn mətbuatın təhlükəsiz fəaliyyət göstərməsi qarant altındadır – real nümunəsini gördük.

MEDİA-nın əhəmiyyətli tərəfi bununla bitmir. Fərdi inkişaf baxımından hazırlanan layihələrin faydası da görülməkdədir və bundan başqa, peşəkarlaşma, redaksiya imkanlarının daha da genişləndirilməsi baxımından göstərilən maddi dəstəyin əhəmiyyəti də çox böyükdür. Məhz bu layihədə qalib gəlməyimiz nəticəsində göstərilən maddi yardım sayəsində saytımız yeni serverə köçürülüb və yeni tərtibata keçib.

11 ildən sonra yeni dizayn və ən müasir texniki imkanlara malik proqram təminatı ilə daha qarantiyalı fəaliyyət göstəririk. Eyni zamanda “Android” və İOS üzərindən aplikasiyalarımız hazırlanacaq.

Bilirik ki, müasir media sosial şəbəkə anlayışıyla sıx paritetdə fəaliyyət göstərir. Bu, günümüzün qaçılmaz reallığıdır. Biz son iki ildə sosial şəbəkədəki fəallığımızı çox böyük fərqlə artırmışıq.

FutbolPress” “telegram” şəbəkəsində Avropa səviyyəli səhifəsi mövcuddur (6 min). “facebook” (27 min), “tik-tok” və “Instagram” kimi məşhur şəbəkələrdə aktiv fəaliyyət göstərir. Bu vasitələrlə ölkə idmanından və idman siyasətindən yazdıqlarımız onminlərlə oxucuya çatır. Bu bir böyümə, günün tələblərinə sürətlə adaptasiya olunmaqdır – bütün bunların son iki ildə ən böyük sürətə nail olmasında MEDİA-nın dəstəyi böyük rol oynayıb. Davamlı olsun…

Elçin Cəlilov