“Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq”

I Liqanın XIII turunun “Difai” – “Qəbələ” (0:1) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze matç barədə fikirlərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında səfər qələbəsi barədə danışıb:

“Mövsüm başlamazdan öncə çempionatın çətin olacağını bilirdik. Qış fasiləsinsən sonrakı start ərəfəsində də bildirmişdim ki, liderliyi qorumaq və sonda Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq. Rəqiblərimiz bizimlə oyunlarda hər mövqedə, xüsusilə də müdafiədə, çox keyfiyyətlidirlər. Lakin biz də meydanda gücümüzü ortaya qoymağı bacarırıq. Bütün oyunçularıma təşəkkür edirəm. Meydanda əllərindən gələni etməyə çalışdılar və sonda qələbəyə sevinən tərəf biz olduq”.