Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü başa çatıb. “Qarabağ” çempionatı birinci sırada bitirib və tarixində 11-ci dəfə qızıl medalları qazanıb.
“FutbolPress” son mövsümdə oyuna sonradan daxil olub, nəticəyə təsir edən futbolçuların siyahısını hazırlayıb.
Bu göstəricidə ilk sırada çempionun – “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia yer alır. Yarımmüdafiəçi sonradan meydana daxil olduğu 10 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Forvarda bunun üçün cəmi 270 dəqiqə bəs edib.
Sıralamada ikinci pillədə “Neftçi”nin oyunçusu Rəhman Hacıyev yer alır. Komandası çempionatı beşinci bitirən Hacıyev 14 matçda ehtiyatdan oyuna qoşulub və 4 qol vurmağı bacarıb. Yarımmüdafiəçi bu saya 402 dəqiqədə çatıb.
“Üçlüy”ü “Qarabağ”ın legioneri Leandro Andrade tamamlayır. Kabo-verdeli yarımmüdafiəçi 14 oyunda sonradan meydana girib və 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Premyer Liqada mövsümün ən yaxşılarından olan Anrade 381 dəqiqədə bu saylara imza atıb.
Kamil Əhməd