Premyer Liqadan avrokuboklara – “Neftçi” və “Zirə” daha şanslıdır

Azərbaycan Premyer Liqasında mayın 25-də baş tutacaq üç görüşdən sonra avrokuboklara vəsiqə qazanan komandaların adına aydınlıq gələcək.

Turnir cədvəlində ikinci sırada qərarlaşan “Neftçi” “Sabah”ı qəbul edəcək. Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv qələbə qazanacağı halda, digər oyunların nəticəsindən asılı olmayaraq, gümüş medalları təmin edəcək. Dördüncü sırada yer alan “Sabah” da oyundan üç xalla ayrılacağı halda, Konfrans Liqasına vəsiqə əldə edəcək. Bərabərlik isə heç bir komandaya sərf etmir. Görüş “sülh”lə yekunlaşsa, hər iki tərəf digər rəqiblərin xal itirməsini gözləyəcək.

Avrokuboklara əsas namizədlərdən “Zirə”nin də taleyi öz əlindədir. Rəşad Sadıqovun komandası “Səbail”i məğlub etsə, ən pis halda mövsümü üçüncü sırada bitirəcək və Konfrans Liqasında iştirak hüququ əldə edəcək.

Turnir cədvəlinin beşincisi “Sumqayıt”da isə rəqiblərin oyunları əsas olacaq. “Kimyaçılar” “Qəbələ” üzərində qələbə qazansa belə “Neftçi” və “Zirə”nin məğlub olmasını gözləməlidir.

Turun bütün görüşləri mayın 25-də keçiriləcək və saat 19:00-da başlayacaq.

Kamil Əhməd