Azərbaycan Premyer Liqasında 4 tur geridə qalıb. Hazırda turnir cədvəlinin birinci sırasında “Turan Tovuz” qərarlaşıb.
Kurban Berdıyevin gəlişindən sonra intizamlı və müdafiədə etibarlı oyun sərgiləyən tovuzlular son turda çempion “Qarabağ”ı məğlub etməyi bacardı və əvvəlki nəticələrinin təsadüf olmadığını göstərdi. “Turan Tovuz” inkşaf yolundadır və Berdıyevin də təcrübəsinin çempionata böyük rəng qatacağı aşkardır.
“Qarabağ” isə diqqətini Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyununa yönəldib. İlk matçda böyük hesabla məğlub olan (0:3) “atlılar”a böyük inam var. Buna baxmayaraq, “atlılar”ın Premyer Liqada yaxşı səviyyədə oynayacaq ehtiyat oyunçulardan təşkil edilmiş komandası da var. Hər bir halda, “Turan Tovuz”un layiqli qələbəsinə kölgə salmaq olmaz.
Berdıyevin komandası 4 turdan sonra 10 xalla birinci pillədədir. “Turan Tovuz” eyni zamanda çempionatda qol buraxmayan yeganə komandadır. Bu, Berdıyevin müdafiə sistemiə verdiyi önəmdən irəli gəlir.
“Qarabağ” isə mövsümün üçüncü görüşündə meydanı xalsız tərk edib. “Atlılar” hazırda 6 xalla 3-cü pillədədir.
Kamil Əhməd