Növbəti mövsümdən etibarən legioner limitinin ləğv edilməsi hələ də ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edildikdən sonra əksər futbol ictimaiyyətinin nümayəndələri milli komanda üçün bunun mənfi təsirləri olacağından narazılığını dilə gətirib.
Hazırda isə Premyer Liqada çıxış edən yerli futbolçuların faydalı iş əmsalı isə ürəkaçan deyil. Nəticə etibarıyla bunu milli komandanın oyunlarında görmək mümkündür.
Azərbaycan millisinin sabiq üzvü, hazırda “Qarabağ” U-17 komandasında baş məşqçi kimi çalışan Rəşad Sadiqov mövzuyla bağlı fikirlərini “Futbolpress.az”a bölüşdü:
“Bunun necə effekt verəcəyini zaman göstərəcək. Bir tərəfdən düşünürsən ki, bəzi yerli futbolçular yoxa çıxa bilər. Gedəcəklər I və II liqalarda oynayacaqlar. Bir tərəfdən də yaxşı legionerlər gətirib və yerli futbolçuların da onlara baxaraq, daha yaxşı performans sərgiləyəcəyini düşünürsən. Bu, bir balaca müqayisəli məqamlardır. Mənim düzgün qərardır və ya deyil deməyimlə heç nə olmayacaq. Zamana buraxmaq lazımdır. Doğrudur, bir vaxtlar legioner limiti ləğv olunmuşdu, amma yenə də bizim vaxtımızda yerli futbolçular çempionatda çıxış edirdi. Yəni nə qədər legionerlər olsa da yaxşı yerlilər həmişə oynayırdı. Qeyd etdiyim kimi, bu, bir baxımdan yaxşıdır. Ancaq bir tərəfdən də 90 dəqiqə müntəzəm şəkildə Premyer Liqada çıxış etməyən yerli futbolçuların millidə necə çıxış edəcəkləri müəmmalıdır”.
Mirkamal Kazım