Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Bir görüşdən ibarət mərhələnin oyunları iki gün ərzində keçiriləcək. 1/8 final Topaz Premyer Liqası komandalarının mübarizəyə qoşulması ilə əlamətdar olacaq. Püşkatma bütün elita təmsilçilərinin üzünə gülüb. Ümumiyyətlə, bu mərhələ bir növ Premyer Liqa – I Divizion qarşılaşması kimidi. Çünki bütün cütlər məhz bu uyğunluqla əmələ gəlib. Bir qayda olaraq bütün duellərdə də yüksək liqa təmsilçiləri favorit sayılır.
“Qarabağ” – “Qaradağ Lökbatan”
28 noyabr. 16:00
“Azərsun Arena”
İlk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə kubokun son qalibi, Premyer Liqanın mövcud lideri “Qarabağ” meydana çıxacaq. Ağdam klubu doğma azarkeşləri önündə I Divizionun lideri “Qaradağ Lökbatan”la üz-üzə gələcək.
Cəmi bir gün əvvəl Premyer Liqada “Zirə” ilə çətin oyun keçirən “Qarabağ”ın kubok oyununda əsasən ehtiyat qüvvə ilə oynayacağı proqnozlaşdırılır. Qrafikin sıxlığından əziyyət çəkən Qurban Qurbanovun komandasının gücünə qənaət etmək istəyəcəyini ehtimal etmək məntiqlidi. Bununla belə, Ağdam klubunun asan qələbə qazanacağı gözləmək olar. Premyer Liqada ehtiyat qüvvə ilə, hətta azlıqda əksər rəqiblərindən güclü olan “süvarilər”in I Divizion klubu ilə qarşılaşmada çətinlik çəkəcəyi yumşaq desək, inandırıcı deyil. Təbii ki, komanda bir neçə gün sonra “Neftçi” ilə çempionat, “Roma” ilə Çempionlar Liqası oyunlarını da nəzərə almalıdı.
“Qaradağ Lökbatan” isə püşkün ən bəxtsiz komandasıdı. I Divizionda parlaq oyunla diqqət çəkən komanda mümkün ən güclü rəqiblə qarşılaşmada yalnız yaxşı oyuna ümid edə bilər. “Qaradağ Lökbatan”ın “Qarabağ”a ciddi müqavimət göstərməsi indiki halda mümkün deyil
Onu da qeyd edək ki, bu, komandaların ilk dueli olacaq.
“Neftçi” – “Zaqatala”
28 noyabr. 17:00
“Bakcell Arena”
İlk oyun gününün ikinci matçı “Bakcell Arena”da keçiriləcək. İndiyəqədərki bütün ölkə kuboklarının yeganə iştirakçısı “Neftçi” “Zaqatala”nı sınağa çəkəcək.
“Qarabağ” kimi “flaqman” da I Divizion klubu ilə dueldə aşkar favorit sayılır. Tərlan Əhmədovun gəlişindən sonra olduqca məhsuldar görünən və hücum futbolu sərgiləyən komandanın böyük hesabla qalib gələcəyini təxmin etmək olar. Püşk də “ağ-qaralar”ın üzünə gülüb. Bəxt onsuz da zəif olan I Divizion klublarının ən ağır vəziyyətdə olanını “Neftçi”yə rəqib edib. “Zaqatala”nın aşağı liqadakı əksər oyunlarda böyük hesabla uduzması və sonuncu yerdə lövbər salması bugünkü qarşılaşmada əyalət klubunun heç bir şansının olmadığını, hər hansı sürpriz gözləməyin artq olduğunu deməyə əsas verir. Təbii ki, Tərlan Əhmədov “Qarabağ”la vacib oyunu düşünüb, heyətdə radikal dəyişikliklər etməsə…
Yeri gəlmişkən, “Neftçi” zəif rəqiblə görüşə marağın yüksək olmayacağını nəzərə alıb, stadiona girişi pulsuz edib. Azarkeşlər bilet almadan tribunada komandaya dəstək ola biləcəklər.
İlk dueldə olduğu kimi, bu da Azərbaycan kubokları tarixində komandaların ilk qarşılaşması olacaq.
“Şüvəlan” – “Səbail”
29 noyabr. 13:30
“AZAL Arena”
İkinci oyun günündə 6 matç keçiriləcək. Maraqlı görüşlərdəm biri Şüvəlanda baş tutacaq. “AZAL Arena”da “Şüvəlan” “Səbail”i qəbul edəcək.
Bu oyuna maraq qatan əsas amil “Səbail”in Premyer Liqada məhz “Şüvəlan”ın sələfi AZAL-ı əvəzləməsidi. Belə məsələlərdə prinsipiallıq Azərbaycan futbolu üçün xarakterik olmasa da, meydan sahiblərinin bu rəqiblə dueldə uğur qazanmaq üçün “dəridən qabıqdan çıxacağını” gözləmək olar. “Səbail”in I Divizion səviyyəsindən fantastik həddə uzaqlaşmadığını da nəzərə alsaq, “Şüvəlan” üçün müəyyən ümid qığılcımları görünə bilər. Ancaq təbii ki, Samir Əliyevin şən komandasının bu cür sensasiyaya imkan vermək ehtimalı çox azdı. İstənilən halda, bu görüşün 1/8 final mərhələsinin ən mübarizəli qarşılaşması olması gözlənilməzlik sayılmayacaq.
MOİK – “Keşlə”
29 noyabr. 13:30
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
İkinci oyun gününün daha bir qarşılaşması “Bakı”nın bazasında baş tutacaq. MOİK Premyer Liqanın autsayderlərindən “Keşlə”ni qəbul edəcək.
Bu qarşılaşma, həm də Premyer Liqa klubunun baş məşqçisi Ramiz Məmmədovun postunda ilk qələbəsini qazanması baxımından əhəmiyyətli sayılır. Təyin olunduqdan sonra bütün oyunlarda uğursuzluğa düçar olan mütəxəssis I Divizion komandası ilə oyunda ilk zəfərini əldə etmək və mərhələ keçmək həvəsindədi. MOİK hər nə qədər I Divizionun güclü komandalarından sayılsa da, “Keşlə” belə matçlarda adətən nəticə qazana bilməsiylə seçilib. Bu baxımdan “hərbçilər”in ciddi şansı görünmür.
Rəqiblərin yolları kubokda iki dəfə kəsişib. Bu duellər çərçivəsində 3 qarşılaşma keçirilib. Bütün matçlarda böyükhesablı nəticə qeydə alınıb. Hər komanda bir dəfə mərhələ adlayıb. Bunlardan ilki 1997/98 mövsümünün 1/16 final mərhələsində gerçəkləşib. Həmin zaman hələ “Xəzər Universiteti” adlanan “Keşlə” iki oyunun nəticəsinə görə 1:10 məğlub olaraq, mübarizəni dayandırıb. 2012/13 mövsümünün 1/8 finalında isə həmin vaxt “İnter” adlanan komanda MOİK-i 3:0 məğlub edərək, mərhələ adlayıb.
“Kəpəz” – “Binə”
29 noyabr. 13:30
“Dalğa Arena”
Ramiz Məmmədov kimi Yunis Hüseynov da yeni komandasında ilk qələbəsini kubok matçında qazanmaq niyyətindədi. “Kəpəz”də debütündə “Qəbələ”yə qarşı acınacaqlı məğlubiyyətlə (1:6) üzləşən təcrübəli mütəxəssis kubokda mərhələ adlamaqla gəncəli azarkeşlərin könlünü almaq niyyətindədi.
Bu görüş xeyli zaman sonra “Kəpəz”in ev oyununu yenidən paytaxtda keçirməsiylə yadda qalacaq. Gəncə şəhər stadionunda ardıcıl oyunların keçirilməsi səbəbindən meydançanın çox yüklənməməsi üçün “Binə” ilə qarşılaşma “Dalğa Arena”ya salınıb.
I Divizonun parlaq komandalarından olan qəsəbə təmsilçisi isə rəqibinə asan təslim olmaq istəməyəcək. Yeri gəlmişkən, bu, “Binə”nin Azərbaycan kubokunda debütü kimi tarixə düşəcək. Mehman Babayevin yetirmələri qonşu qəsəbə Mərdəkandakı tarixi qarşılaşmada köklü rəqibinə layiqli oyun göstərməyə çalışacaqlar.
“Qəbələ” – “Mil-Muğan”
29 noyabr. 14:00
Qəbələ şəhər stadionu
Sumqayıtda keçiriləcək matçı nəzərə almasaq, bu görüş 1/8 finalın əyalətdə keçirilən yeganə qarşılaşması olacaq. Bu həm də tərəflərdən heç birinin paytaxtı təmsil etməyəcəyi yeganə oyundu.
Premyer Liqada işləri get-gedə qaydasına düşən və son turda 2-ci pilləyə yüksələn “Qəbələ” zəif rəqibi “Mil-Muğan”la görüşün aşkar favoriti sayılır. Həftəsonu “Kəpəz”ə tarixinin ən ağır ev məğlubiyyətini yaşadan “qırmızı-qara” düşərgədə əhval-ruhiyyə idealayaxın olmalıdı. Bunu kubokda mərhələ keçməklə daha da yüksəltmək olar. I Divizionun ortabablarından sayılan İmişli təmsilçisinin güclü rəqibinə müqavimət göstərəcəyi çətin görünür. Ümumiyyətlə, “Qəbələ”dən böyükhesablı qələbə gözləmək olar.
Komandalar 3-cü dəfə kubok oyununda qarşılaşacaq. İlk halda da 1/8 finalda yolları kəsişən rəqiblərin duellərində “Qəbələ” mərhələ adlayıb. Həmin zaman “qırmızı-qaralar” iki oyunun nəticəsinə görə 9:1 üstün olub.
“Sumqayıt” – “Sabah”
19 noyabr. 16:00
Sumqayıt şəhər stadionu
Paytaxtdan kənarda baş tutacaq ikinci qarşılaşmada “Sumqayıt” “Sabah”ı sınağa çəkəcək. Premyer Liqanın ən rəngarəng komandası sayılan meydan sahiblərinin I Divizionun ən zəiflərindən birini asanlıqla mübarizədən kənarlaşdıracağı gözlənilir. Bu qarşılaşma, bəlkə də, ən böyük hesabın qeydə alınacağı matç olacaq. “Sabah” elitada keçirdiyi oyunların az qala hamısında çoxsaylı qol vəziyyəti yaradıb, adətən bunları sağa-sola xərcləyən “Sumqayıt”ın “partlayış”ının baş verməsinə mane olmalıdı. Kubokun daha bir debütantı kiçik hesabla uduzsa, bunu normal nəticə saya bilər.
“Zirə” – “Xəzər”
29 noyabr. 16:00
Zirə İdman Kompleksinin stadionu
İlk dəfə kubokda mübarizə aparacaq klublardan biri də “Xəzər”di. Bu komanda, həm də bəxti gətirməyənlərdəndi. Çünki əla mövsüm keçirən “Zirə”yə ciddi müqavimət göstərmək, özü də bunu səfər oyununda etmək inandırıcı görünmür. Ayxan Abbasovun komandasının zəif rəqiblə görüşdə büdrəməsi möcüzə olardı. Qəsəbə klubunun böyük hesabla qalib gəlməsi isə qanunauyğun sayılacaq.
*** *** ***
Komandaların mövcud vəziyyətlərinin qısa təhlili göstərdi ki, Premyer Liqa klubları ilə mübarizədə I Divizion təmsilçilərinin bir o qədər də şansı yoxdu. Azərbaycan İngiltərə deyil ki, aşağı liqa komandalarından biri kubokda finala qədər irəliləyə, hətta mükafata yiyələnə bilsin. Xüsusilə ölkə futbolundakı mövcud vəziyyətdə. İndiki məqama görə kubokun 1/4 finalında böyük ehtimalla yalnız elita təmsilçilərini görəcəyik. I Divizion klubları bu mərhələdə yalnız yaxşı oyunla yadda qala bilərlər…
Faiq Tahirov
Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb