Azərbaycan Premyer Liqasında I dövrə geridə qalıb. Klublar qış fasiləsinə yollanıb və artıq bəziləri II dövrənin hazırlıqlarına start verib.
Əvvəlki illərdən fərqli olaraq klublar bu dəfə Bakıda qalmağı üstün tutub. Yalnız “Turan Tovuz” toplanışını ölkə xaricində – Türkiyədə keçirəcək. Digər komandalar isə Bakı, Qəbələ və Şamaxıda məskunlaşacaq.
Premyer Liqada II dövrənin startına iki həftə qalıb və klublar transfer dönəmini hələlik sakit keçirir. “Şamaxı” iki oyunçu ilə güclənib, digər klublarda isə səssizlik hökm sürür. “Qarabağ”da isə əsas gündəm Juninyonun “Sevilya”ya transferi məsələsidir. Bunun da qısa zamanda yekunlaşacağı gözlənilir.
Transferlərə əsas ehtiyacı olan klub “Neftçi”, “Səbail” və “Kəpəz”dir. Xüsusilə, autsayder olan “Səbail”də hücum xəttində ciddi problemlər var. Qol yollarında sıxıntılar yaşayan “dənizçilər”lə bağlı hələ transfer xəbərləri eşidilməməkdədir.
“Neftçi”də isə ayrılıq gerçəkləşib. Müdafiəçi Mark Tamaş müqaviləsinin bitməsinə 6 ay qalmış klubla yollarını ayırıb. Tarixinin ən pis dönəmini keçirən “ağ-qaralar” üçün transfer dönəminin daha hərəkətli keçəcəyi ehtimal edilir.
“Kəpəz”də isə bir neçə mövqedə rəqabətə ehtiyac var. Çempionatın keyfiyyət baxımından ən aşağı heyətinə malik olan gəncəlilərdə hücumda çatışmazlıqlar var. Mövsümün startından bir az sonra hücuma Orxan Əliyevi transfer edən “Kəpəz” daha bir forvarda ehtiyac duyur.
“Şamaxı” Premyer Liqada qalmaq yolunda digər komandalardan öndə görünür. Ayxan Abbasovun yetirmələri pis təsir bağışlamır və dövrənin sonuncu turunda “Sabah”ı məğlub etməklə mövqeyini qoruya bildi.
Mövsümün sürpriz komandası “Araz-Naxçıvan” da transfer dönəmini sakit keçirənlərdədir. Elmar Baxşıyev döyüşkən və intizamlı komanda formalaşdırıb. Avrokuboklara vəsiqəyə əsas favoritlərdən olan klubda 1-2 transfer gözlənilir. Baxşıyev hücum xəttinin gücləndirilməsini istəyir və bu istiqamətdə işlər davam edir.
Toplanışını Türkiyədə keçəcək olan “Turan Tovuz”da isə əsas diqqət Rusiya bazarındadır. Kurban Berdıyev artıq bu ölkənin çempionatında top qovan bir neçə oyunçuya “göz dikib”. Hələ yekunlaşan transferlər olmasa da, qarşıdakı günlər bölgə təmsilçisi üçün hərəkətli keçəcək.
“Sumqayıt”da isə bəzi oyunçuların gedişi gözlənilir. Xüsusilə hücumdakı əsas oyunçulardan Cordan Rezabalanın “Neftçi”yə keçidi gündəmdədir. Müdafiədə Elvin Bədəlov, Murad Xaçayev kimi futbolçuların da adları bəzi klublarla hallanır. Mövsümün əvvəlində transfer edilən Fernando Medeiros ilə vidalaşan “kimyaçılar” demək olar, hər mövqeyə transfer axtarışındadır.
Fasilənin başa çatmasına qısa müddət qalıb və klublar dövrəyə tam hazır olmaqçün xüsusilə transfer işlərini erkən tamamlamalıdır.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.