“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Fehervar”a məğlub olub – 1:2. “Kimyaçılar” hesabı açan tərəf olsa da, yekunda sevinən macarlar olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oyuna böyük maraq var idi. Yerli fanatlar avrokubok həyəcanını yaşamaq üçün arenaya axın etmişdi. Ötən mövsümün ikinci yarısından ev oyunlarını bu arenada keçirən “Sumqayıt” buna qədər toplasan 3, ya 4 ev oyunda belə atmosferdə oynamışdı. Azarkeşlərin də dəstəyini arxasına alan “Sumqayıt” oyuna yaxşı başlayan tərəf idi. Topa nəzarəti əlində saxlayan “kimyaçılar” bir-iki dəfə rəqib cərimə meydançasında təhlükə yaratmaqla zəif olmadığını göstərirdi. Hücumların məntiqi sonluğunu isə Səbuhi Abdullazadə qoydu. Künc zərbəsindən sonra qüvvətli zərbə ilə topu tora göndərən yarımmüdafiəçi arenanı bir anda coşdurmağı bacarmışdı.
Qoldan sonra da topa nəzarəti saxlayan “Sumqayıt” gözlənilmədən azlıqda qaldı. Müdafiəçi Murad Xaçayev “ikinci mərtəbə”də sərt oyununa görə qırmızı vərəqə alaraq, meydandan qovuldu. Gözlənilməz “qırmızı” baş məşqçi Samir Abasovun bütün planlarını pozdu. Onsuz da əsas mərkəz müdafiəçisi İsa Suliman zədəli olduğu üçün görüşü buraxırdı, əlavə daha bir stoperin itirilməsi komandaya baha başa gəldi. Say üstünlüyünü ələ alan “Fehervar” təzyiqi artırıb, ilk hissədə hesabı bərabərləşdirməyə nail oldu. İkinci hissə də demək olar, macarların üstünlüyü ilə keçdi və daha bir qol vurmaqla Sumqayıtdan qələbə ilə döndülər.
“Sumqayıt” “qırmızı”ya qədər əla oyun nümayiş etdirir, rəqibə boşluqlar verməməyə çalışırdı. Düzdür, bir-iki epizodda müdafiədə fərdi səhvlər topun rəqibə keçməsinə səbəb olurdu, amma ümumi planda pis çıxış etmirdilər. Buna baxmayaraq, azlıqda qalmaq bütün planları alt-üst etdi və yekun macarların qələbəsiylə başa çatdı.
Oyunun hakimliyinə də toxunmamaq olmaz. Albaniyalı referi ilk dəqiqələrdən sərtliyini aşkara çıxardı desək, yanılmarıq. Oyunun əvvəlində “kimyaçılar”ın baş məşqçisi Samir Abasova etirazına görə xəbərdarlıq edən referi daha sonra vərəqələri “payladı” desək, az olar.
İlk oyundan sonra üstünlük rəqibdədir. Buna baxmayaraq, “Sumqayıt” “Fehervar”la başa-baş mübarizə apara biləcəyinin siqnalını verdi. Əsas problem isə heyətlə bağlıdır. Müdafiədə Murad Xaçayev və İsa Sulimanın yoxluğu baş məşqçi Abasovu başqa variantlar üzərində düşünməyə vadar edəcək. Heyət sarıdan çətinlik yaşayan “Sumqayıt” Macarıstan təmsilçisindən oyun baxımından geri qalmadı. Abasov yaxşı motivatordur və komandanı qələbəyə kökləməyə çalışacaq. “Fehervar”la oyundan sonra da bunun siqnalı verildi. Abasov tək hədəflərinin qələbə olduğunu bildirdi və cavab oyununda asan təslim olmayacaqlarını elan etdi.
Komandalar arasındakı görüş iyulun 31-də Macarıstanda baş tutacaq. “Sumqayıt” mərhələ adlamaq üçün azı iki fərqlə qələbə qazanmalıdır.
Şahin Cəfərov