Fərrux Mahmudov ötən ilin iyulunda “Neftçi”nin baş icraçı direktoru postuna təyin olunmuşdu. Ötən həftənin cümə günü, bir il çəkmədən istefa verdi. Basketboldan gəlmişdi, elə ora da qayıtdı.
Bu məsələ son illərin ən bariz presedentidir (baş vermiş hadisənin nümunəyə çevrilməsi – red.). Həm “Neftçi”, həm bütünlüklə ölkə futbolu üçün…
Rəsmən təsdiqlənməsə də, “ağ-qaralar “ın ötən mövsümə tarixinin ən böyük büdcəsiylə başladığı bildirilir. Hədəf çempionluq, yeni klub modeli yaratmaq və s. idi. Lakin ən böyük büdcə ilə nəinki çempionluq, heç kubok da qazana bilməyən klub indi çaş-baş vəziyyətdədir.
Bir mövsümə iki baş məşqçi dəyişikliyi ilə (Adrian Mutu, Miodraq Bojoviç) heç nəyə nail olmayan miskin “flaqman” növbəti mövsüm üçün nə etməli olduğunu bilmir. Nə uşaq futbol məktəbində yaranan naməlumluğa aydınlıq gəlir, nə əsas komandanın formalaşması üçün konturlar məlumdur. Bunlar ayrı geniş müzakirənin mövzusudur, bu yazıda isə məqsəd bir məqamı açmaq və absurdu göstərməkdir.
Ötən il “Neftçi” prezident üsul-idarəsindən imtina etdi. Əvəzinə baş icraçı direktor postu yaradıldı və ora basketbol sahəsində çalışan Fərrux Mahmudov gətirildi. Futbolda hər hansı uğurunun olub-olmaması bir yana, ümumiyyətlə, təcrübəsi yox idi. “Neftçi”nin sadiq azarkeşiyəm deyib, özünü təqdim etdi, bir qədər sonra isə müsahibələrində böyük iddialar səsləndirməyə başladı. Çox keçmədən məlum oldu ki, nəinki “Qarabağ”ın dominantlığını sonlandırmaq, heç yüksəlişə əsas verəcək ortabab elementlər yoxdur. Asta-asta Mahmudovun səsi kəsilməyə başladı. Qışda isə dedi ki, mən futbol sahəsinə cavabdeh deyiləm…
Beləliklə, bir klubun yanlışlığın dibinə vurduğu özünü aşkara çıxardı. İşlər yaxşı getmir, çıxış yolu da tapılmır. Sistem naməlum, hədəflər xaotik…
Nəticədə boşa verilmiş mövsümdə məsuliyyət…?
Hər kəs yaxasını çəkib, “qeybdən qərarlar gözləməyə başladı”. Bu, klubun kökündən səhv sistemə düçar edildiyini göstərdi.
Ok, 6 ay+1 il prinsipi ilə müqavilə bağlanan baş məşqçi Bojoviçlə yollar ayrıldı, amma problem bunda idimi? Yaxud bununla problemlər həll olanacaqdımı? Qətiyyən!
Ardınca Fərrux Mahmudov istefa verdiyini açıqladı…
Və o, az əvvəl cəmi bir həftəlik işsizliyinin bitdiyini elan etdi – Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti….
Fikir verin., basketbol-futbol-basketbol…
Bu, şəxsin ekstra bacarığının xəritəsidir? Yox. Bu, “mənim arxa-dayağım var” adlı xəritədir, tablodur.. Hər nədirsə, futbolumuz, xüsusən, “Neftçi” adına pis bir şeydir. Elə futbol adamları, biliciləri üçün də…
Nə ideya birliyi var, nə möhkəm sistem. İstənilən “təcrübə” açılır sizin sahənin başına. Tamaşaçısınız.
Mahmudov istefa mədəniyyəti göstərdiyini iddia etsə, heç kəs ona əksini sübut edə bilməz. Bəli, istefa verib, rəsmi tərəfi budur. Amma istefalıq, hətta rədd edilməli adamlar qalıb. Bu nəyin göstəricisidir? İşbilməzliyin, xaosun…
Hər sahədən kimsə gəlib əsas söz sahibi ola bilər sizin can qoyduğunuz sahənin simvolu sayılan “Neftçi”də, möhtərəm veteranlar.
Özünüz guya yaxşısınız? Azsaylı yaxşılarından irağ, cılız niyyətlərin “piyada” fiqurları…
Kamil Əhməd