“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin sonuncu turunda bu gün “Olimpiakos”un qonağı olacaq. Görüşə saat 00:00-da start veriləcək.
Pirey təmsilçisi son 18 rəsmi matçda uduzmayıb. Komanda sonuncu dəfə ötən ilin oktyabrında Super Liqada “Asteras”la səfər görüşündə məğlub olub. “Olimpiakos” bundan sonra keçirdiyi 18 matçda 11 qələbə qazanıb, 7 dəfə heç-heçə edib.
“Olimpiakos” Avropa arenasında da uğurlu çıxışı ilə diqqət çəkir. Yunanıstan təmsilçisi 7 matçda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzub. Pireylilər doğma azarkeşləri önündə “Tvente” və “Reyncers”lə heç-heçə edib, “Braqa”ya qalib gəlib. “Olimpiakos” Avropa Liqasında bu mövsüm səfərdə “Portu” və “Malmö”nü məğlub edib, FCSB ilə heç-heçəyə razılaşıb. Komandanın yeganə məğlubiyyəti “Lion”la matçda qeydə alınıb.
Yunanıstan təmsilçisi 7 turdan sonra 12 xalla 12-ci sıradadır. “Olimpiakos” növbəti mərhələyə vəsiqəni təmin edib. Komanda uduzsa belə, ən pis halda ilk “24-lük”də qərarlaşacaq. Yunanların hədəfi isə “8-liy”ə düşməkdir.
“Qarabağ” isə 36 komanda arasında 3 xalla 34-cü sıradadır. Azərbaycan təmsilçisinin növbəti mərhələ şansı qalmayıb və oyun formal xarakter daşıyır. “Qarabağ” bu mövsüm turnirdə cəmi 1 qələbə qazanı, 6 dəfə uduzub. Qurban Qurbanovun yetirmələri Avropadakı mövsümünü müsbət notlarla bitirmək istəyir. İtirəcəyi heç nə olmayan “atlılar”ın hədəfi azı bir xal olacaq.