Stolüstü tennis 2 və ya 4 oyunçunun bir-birinə topu irəli-geri vurması ilə oynanılan oyundur. Bu növ eyni zamanda, Pinq Ponq da adlanır.
Stolüstü tennisin yaranması XIX əsrin sonlarına aiddir. Bu oyun ilk olaraq Hindistan və İngiltərə hərbçiləri tərəfindən oynanılırdı. Onlar siqar qutularının qapaqlarından raketka, şərab propkasından isə top kimi istifadə edirdi. Araya isə tor olaraq kitabları qoyurdular. Stolüstü tennisə Pinq Ponq adının verilməsi də bu dövrə aid edilir. Top yerə dəyən zaman çıxan səsi təmsil etmək üçün bu addan istifadə edildi.
Bu növ üzrə ilk dünya çempionatı 1927-ci ildə İngiltərədə keçirilib. Londonda başlayan yarışlarda hegemonluq Macarıstanda olub. II Dünya Müharibəsi dövrünə qədər macarlar bu sahənin ən peşəkarları hesab edilib. Həmin dövrlərin ən yaxşı oyunçuları macar Mariya Mednyanski (7 qat dünya çempionu) və onun həmyerlisi Viktor Barna idi (5 qat dünya çempionu).
Stolüstü Tennis Federasiyası 1935-ci ildə yaradılıb. 1994-cü ildən isə adı dəyişərək U.S.A Table Tennis (ABŞ Stolüstü Tennis Federasiyası) olub.
Azərbaycanda stolüstü tennis
Ölkəmizdə bu idman növünün yaranması ötən əsrin 30-40-cı illərinə təsadüf edib. İlk dəfə Bakıda stolüstü tennis bölməsinin əsası qoyulub. Daha sonra bunun nəzdində Stolüstü Tennis Federasiyası yaradılıb. Stolüstü tennis bölməsinin yaradılmasından sonra respublika üzrə müxtəlif yarışlar keçirilib. İlk qaliblər V.Lazorkin və R.Yaşagina olub. O dövrün ən güclü tennisçiləri arasında M.Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O.Spiridonovun, A.Knijnikin və başqalarının adlarını çəkmək olar. SSRİ-nin dağılmasından sonra digər sahələrdə olduğu kimi idmanda da durğunluq yaranır. Bu proses sotulüstü tennisdən də yan keçmir.
Müstəqillik dövründə stolüstü tennis
SSRİ-nin dağılmasından sonra bir çox idmançı və məşqçilərin Azərbaycanı tərk etməsi bu sahədə boşluqların yaranmasına, təcrübəli kadr çatışmazlığına səbəb oldu. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçilməsindən sonra artıq bu sahədə inkişaf başlamış, müxtəlif tədbirlər, yarışlar təşkil edilmişdi. Bakı və ətraf şəhərlərdə stolüstü tennis bölmələri yaradılıb, inkişaf məqsədi üçün bir sıra layihələr həyata keçirilib. 2006-2010-cu illər ərzində federasiya tərəfindən Bakı və respublikanın digər bölgələrində fəaliyyət göstərən idman məktəblərinə və təşkilatlarına 200-ə qədər “TİBHAR” şirkətinin tennis stolları, raketlər, toplar, idman forması və digər zəruri ləvazimat təmənnasız olaraq paylanılmışdır. Bakıda 2007-ci ildə ilk dəfə beynəlxalq seminar keçirilib. 4 gün davam edən tədbiri Rusiyanın əməkdar idman ustası, dəfələrlə Avropa çempionu olmuş İrina Palina aparıb. Seminarda 40-dan çox ölkədən nümayəndə iştirak edib. Elə həmin il Avropa Stolüstü Tennis Birliyini prezidenti Stefano Bozi Bakıya gəlib. O, paytaxt və ətraf şəhərlərdə tennisin inkişafı ilə maraqlanmış, öz tövsiyələrini vermişdi.
Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 227 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 58 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) üzvüdür. Azərbaycanın bu sahə üzrə milli komandası 1996-cı ildə ilk dəfə Avropa çempionatına qatılıb. 1997-ci ildən isə dünya çempionatlarında yer alıb.
İdmançılarımız beynəlxalq arenada
2015-ci ildə Bakıda stolüstü tennisin “TOP-16” turniri keçirilib. Yarışda ölkəmizi 1 kişi və 1 qadın idmançı təmsil edib.
Bir il sonra Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyi etdiyi Avropa birinciliyinə qatılan Azərbaycan gənclərin şəxsi yarışında 2-ci, yeniyetmələrin şəxsi və qarışıq-qoşa yarışlarında isə 3-cü yeri tutub.
2017-ci ildə Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yığmamız 4 medal qazanıb. Bunların 2-si gümüş, 2-si bürünc olub.
2019-cu ildə Çexiyada keçirilən gənclərin Avropa çempionatında tennisçilərimiz 2 gümüş medal qazanıblar. Bununla yanaşı, Avropa Stolüstü Tennis Birliyinin (ETTU) təşkilatçılığı ilə keçirilən “ETTU Eurotalents” adlı istedadların axtarışı proqramının seçmə turlarında 11 yaşlı tennisçimiz Adil Əhmədzadə yüksək nəticələrlə Avropa istedadları siyahısında ilk “10-luq”da yer alıb.
Bu ilin sentyabrında Gürcüstanda, ötən ay isə Çexiya və Sloveniyada beynəlxalq turnirdə iştirak edən idmançılarımız medal qazanmağı bacarıblar. Qeyd edək ki, Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otoceç şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında uğurla çıxış ediblər. İstedadlı idmançıların seçim xarakterli toplanışlarının final mərhələsində milli komandamızın baş məşqçisi Mixail Timofeyevlə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarığını göstərib. Sloveniya sınaqlarında uğurlu çıxışları ilə ön plana çıxan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.
Tək Bakıda deyil, bölgələrdə də stolüstü tennis üzrə müxtəlif yarışlar keçirilir. Federasiya bu idman növünün kütləviləşməsi, gənclərin marağının artması yönündə müxtəlif layihələr həyata keçirməyə başlayır. Federasiyanın işi və hazırda Azərbaycanda stolüstü tennisin durumu ilə bağlı Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova ilə danışdıq. Həmsöhbətimiz bu sahənin ölkəmizdəki mövcud vəziyyəti ilə bağlı bunları dedi:
“Bu il təqvim idman planına müvafiq olaraq ölkədaxili yarışlarımız yüksək səviyyədə keçirilib. Bununla yanaşı idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak ediblər. Xüsusilə yeniyetmələrdən ibarət seçmə komandamız uğurlu nəticələrə imza atıb. Ölkə üzrə bütün stolüstü tennis bölmələrində məşqlər keçirilir. Bunun üçün federasiya tərəfindən idman kompleksləri və idman məktəblərinə lazımı köməklik göstərilir. Onlar yeni, müasir avadanlıqlarla, tennis stolları ilə təmin olunublar. Təqvim planına əsasən 16-19 noyabr tarixlərində böyüklər arasında Azərbaycan kuboku yarışı keçiriləcək. Bakıda təşkil olunacaq yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar qüvvələrini sınayacaqlar. Dekabr ayında isə, yeniyetmə və gənc stolüstü tennisçilər ölkə kuboku turnirində bacarıqlarını göstərəcəklər. Onu da qeyd edək ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının təmsilçiləri təqvim planına daxil olan yarışlarla yanaşı Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, eləcə də digər ictimai qurumlar tərəfindən təşkil olunan kütləvi idman yarışları və festivallarında da fəal iştirak edirlər”.
Hər bir sahədə olduğu kimi stolüstü tennisdə də müəyyən çatışmazlıqlar, problemlər müşahidə olunur. Bunlardan başlıcası, Bakıdan kənarda, xüsusilə də bölgələrdə bu növün peşəkar səviyyədə öyrədilməsi üçün mütəxəssisin olmamasıdır. Həmsöhbətimiz çatışmazlıqlar haqda bunları dedi:
“Əlbəttə ki, digər idman növlərində olduğu kimi stolüstü tennisdə də müəyyən problemlər var. Buna yetərincə mütəxəssislərin olmamasını misal çəkmək olar. Bayaq da qeyd etdiyimiz kimi stolüstü tennis kütləviliyi ilə seçilən idman növlərindəndir. Təəssüf ki, bütün bölgələrdə fəalliyyət göstərən bölmələri peşəkar mütəxəssislərlə təmin etmək hələ mümkün deyil. Amma, bu istiqamətdə də işlər görülməkdədir. Bununla yanaşı Peşəkar Liqa yarışlarının təşkilindəki mövcud problemlərin də yaxın gələcəkdə aradan qaldırılması gözlənilir”.
Getdikcə daha populyarlaşan stolüstü tennisə marağın artırılması üçün kütləvi tədbirlər, yarışlar keçirilir. Təhsil ocaqlarında gənclərin bu sahəyə cəlb edilməsi üçün Təhsil Nazirliyi ilə də əməkdaşlıq edilir. Baş katib stolüstü tennisin kütləviliyini artırmaq üçün gələcək planlarından söz açdı:
“Stolüstü tennisə marağın artırılması üçün xeyli işlər görülüb və bundan sonra da planlarımız var. Bura məşqçilər və hakimlər üçün seminarları aid etmək olar. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə təbliğat xarakterli festivallar keçirilib. Həmin festivallara stolüstü tennis bölmələrinə yaxın olan orta məktəblərin şagirdlər qatılıblar. Bununla yanaşı müxtəlif seminarlar və ustad dərsləri də müntəzəm şəkildə həyata keçirilir. Eyni zamanda federasiyamız sosial yönümlü layihələrdə də iştirak edir. Bu günlərdə MOK-un 30 illiyinə həsr olunan İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qalibləri sırasında ASTF-nin “İdmanı seç, sağlam qal” sosial çarxı da yer aldı. Bu istiqamətdə fəaliyyətimiz bundan sonra da davam etdiriləcək”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu