Parisdə Yay Olimpiya Oyunları davam edir.
Futbolpress.az xəbər verir ki, bu gün Azərbaycanın altı idmançısı yarışacaq.
Günün ilk görüşünü badmintonçu Keişa Fatima Zəhra keçirəcək. O, qrupun ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gələcək. Keişa ilk turda çinli He Bin Çzyaoya məğlub olub.
Digər badmintonçumuz Edi Reski Dviçayo da bu gün yarışacaq. Onun rəqibi isə Anders Antonsen (Danimarka) olacaq.
Cüdoçu Hidayət Heydərov Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.
Məhəmməd Abdullayev (92+ kq) və Malik Həsənov (63,5) mübarizəyə başlayacaq. Abdullayev Almaniya idmançısı Nelvi Tiafak, Həsənov isə gürcüstanlı Laşa Quruli ilə üz-üzə gələcək.
Qılıncoynatmada isə Anna Başta mübarizəyə qoşulacaq.
Paris-2024 avqustun 11-də başa çatacaq.