Paraqvay yolunda

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev uzun yola çıxıblar. Onlar düz 13 min km. uzaqlığa – Paraqvaya yola düşüblər ki, FIFA-nın konqresində iştirak etsinlər.

Haşiyə, adıçəkilən ölkənin quruma üzvlüyünün 100 ilə münasibətilə jest olaraq, ilk dəfə mühüm tədbirə ev sahibliyi həvalə edilib.

Mayın 15-də açıq elan olunacaq konqresdə Azərbaycan nümayəndələri bir sıra işgüzar görüşlər keçirməyi planlaşdırır.

Okeanın o başından qayıdandan sonra yəqin ki, mətbuata detallı açıqlamalar veriləcək. “FutbolPress” isə bu məsələdə bir detala fokuslanmağı təklif edir.

Xatirinizdədirsə, aprelin 3-də Belqradda keçirilən UEFA-nın seçki konfransına da adıçəkilən AFFA rəsmiləri birgə qatılmışdılar. Lakin Sərxan bəy tədbirdə iştirak edəndən sonra Bakıya qayıtmış, baş katib isə Parisə yollanmışdı. Orada AFFA-nın keçmiş baş katibi, hazırda FIFA-nın Milli Assosiasiyalar üzrə direktoru vəzifəsini daşıyan Elxan Məmmədovla görüşmüşdü.

Görüş barədə geniş məlumat verməsə də, AFFA-nın saytında bu haqda belə qeyd edilmişdi: “…futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə edilmişdi”.

Qeyd edək ki, Məmmədov da Paraqvaydadır. Görəsən, Fərəcullayev yenə onunla görüşəcəkmi?

Kamil Əhməd