Öyrəşilən məğlubiyyətlər və müəmmalı gələcək

Azərbaycan millisinin U-17 və U-19 komandaları Avropa çempionatının ilkin mərhələsində uğursuz nəticələrlə yadda qaldı. Hər iki kollektiv 3 oyunun 2-də uduzdu, 1-də heç-heçə etdi.

Yeganə xallarını son oyununda qazanan kollektivlərin baş məşqçiləri isə görünür, nəticədən çox narazı qalmayıblar. Xüsusilə, U-17 komandasının baş məşqçisi İlham Yadullayev üç oyuna qazanılan bir xalı qənaətbəxş hesab edib:

“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Hər matçdan əvvəl rəqibə fərdi yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq”.

Rumıniya, Macarıstan və Yunanıstan kimi futbolçu güclü inkişaf etməmiş ölkələrin kollektivlərinə uduzmağı pis nəticə hesab etməyən mütəxəssis performansdan razı qalıb. Bu uşaqlar 5-10 il sonra əsas millinin heyətini formalaşdıracaq. İndidən məğlubiyyətlərə alışan oyunçuların gələcəkdə qələbəsizlik sindromundan əziyyət çəkməyəcəyi görünür. Azərbaycanda 17 yaşadək futbolçular üçün çempionatlar təşkil edilir, klublar tez-tez bəh-bəhli nəticələr yayımlanır. Lakin millidə nəticə yoxdur. Eynilə U-19-dakı kimi. Elxan Abdullayevin rəhbərlik etdiyi U-19 yığması isə Moldova, İrlandiya və İslandiyanın yer aldığı qrupda bir xal qazanıb. O da moldovalılarla 2:0 üstün oynadıqları oyunda. Abdullayev nəticələrdən razı qalmadığını bildirib və hədəflərinin gələcək üçün yaxşı kadr hazırlamaq olduğunu deyib:

“Nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Avropada 19 yaşlı futbolçu artıq böyük klublarda forma geyinir, fərq yaradır. Məsələn, qonşu Gürcüstanda Tbilisi “Dinamo”sunda top qovan Saba Karebaşvili “Real” və “Barselona” kimi klubların hədəfindədir. Bəli, dünya nəhəngləri. Biz isə Mahir Emrelinin II Bundesliqada “Nürnberq”lə hər qol vurduğunda böyük sevincə qərq oluruq. Fəxr edirik, böyük nailiyyət olduğunu düşünürük. Albaniyaya gedən Zamiq Əliyev (“Eqnatiya”) hər oyuna çıxanda fərəh hissi keçiririk. Bizimkilər də Avropada oynayır, əla!

Tbilisi “Dinamo”sunun akademiyasından çıxan neçə gənc oyunçu hazırda Avropada TOP-5 çempionatlarında top qovur. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Gürcüstanın U-21 yığması Avropa çempionatının pley-off mərhələsində Xorvatiyanı məğlub edib, növbəti mərhələyə yüksəldi. Bizim U-21-lər isə seçmə mərhələdə autsayder oldu. Onlar niyə irəli gedir, biz yox?

Milli komanda oyunçu yetişdirən, hazırlayan yer deyil. Klublar bu işə maksimum diqqətlə yanaşmalıdır. Ölkə çempionu “Qarabağ”ın əvəzedici komandasından əsas heyətə hər il neçə oyunçu cəlb edilir? Barmaq sayılacaq qədər deyil heç. Ya “Neftçi”, ya “Sabah”, ya “Zirə”? Mükafat düşünən, çempionluq hədəfləyən klub 5-10 il sonrası haqda nə düşünür?

Sistematik problemlər çözülməlidir. Qısa, orta və uzunmüddətli planlar təsdiqlənməli, işlərə erkən başlanılmalıdır. Yoxsa itirilən hər ay futbolumuz üçün illərə bərabər olacaq. Hansı ki, indi inkişaf edən yığmalardan azı 5-10 il geridəyik…

Kamil Əhməd