Əksəriyyət milli komandanı yerli mütəxəssisin çalışdırmasını istəyir. AFFA-da rəhbərlik dəyişikliyi olarkən buna inananlar çox idi. Ancaq məlum oldu ki, indikilər də əcnəbi ilə işləmək istəyir. Zaman göstərəcək…
Artıq Fernandu Santuş ictimaiyyətə təqdim olundu. Yığmanın portuqaliyalı baş məşqçisi ailəsi ilə Bakıya köçəcəyini və prosesləri birbaşa idarə edəcəyini bildirdi.
Onunla 3+1 illik müddətə imzalanan müqavilənin detalları qismən açıqlandı. Maliyyə tərəfi yenə gizli saxlanıldı. Əsas məsələ isə əsas milli və milliyədək olan yaş qruplarını vahid sistemə salmaqdır. Maraqlıdır ki, bu necə işlənəcək, format nə cür olacaq, nəzərdə tutulan sistemə uyğun mütəxəssislərimiz varmı, yoxsa bu istiqamətdə də əcnəbilər… Bu tip detallı suallar çoxdur. Onların əksəri hələ açıq qalıb.
Millinin 2028-ci il AÇ seçmələrində uğurlu çıxış etmək, çempionata vəsiqə qazanmaq hədəfi qoyulduğunu bildirən Santuşun bir cümləsi maraqlı idi: “Azərbaycan millisinin FIFA reytinqində ilk yüzlükdən kənarda olduğunu bilirəm. Bu, əslində bizi motivasiya edir. İstəyirəm ki, ilk dəfə bir komandanın ən yaxşı nəticələrini qazanmasına nail olum”.
Gördüyümüz kimi, o, bu mövzuda özünə bəraət yox, iddia ilə çıxış etdi. Pozitiv başlanğıcdır. Əhvalı yaxşılaşdıran mövqedir. Ordan bir tuş…
Kamil Əhməd