“Onların üstün cəhətləri çoxdur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında sabah “Bodo-Qlimt”ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Son vaxtlar oynadığımız rəqiblər arasında ən intizamlı komandaya qarşı oynayacağıq. Bütün futbolçular demək olar, yerlidir və bu cür intizamlı oyun, son illərin nəticələri bu klubun, Norveç futbolunun inkişafından xəbər verir. Çox intizamlı komandadır və özünəxas sistemi var. Sabahkı oyunda demək olar, hər komponentdə diqqətli olmalıyıq ki, onlardan üstün ola bilər. Onların üstün cəhətləri çoxdur. Meydança amili, son görüşlərdəki nəticələri və s. İnanıram ki, futbolçular yaxşı oyunla ən yaxşısını edəcəklər. Hər iki komandaya uğurlar.

– “Tottenhem” və “Ayaks”ı “Bodo-Qlimt”lə necə müqayisə edərdiniz?
– Nəticələrə görə onları eyni səviyyədə görürəm. Çox intizamlı komandadırlar. Meydançanın hər qarışında bir-birilərini düzgün tamamlayırlar. Hər futbolçu öz yoldaşına hörmətlə yanaşır, səhvini siğortalamağa çalışır. Hər komandada belə şeylər var, amma “Bodo-Qlimt”də bu, yüksək səviyyədədir. Onların böyük komandalara qalib gələ bilməsinin əsas səbəbi də budur. Ustalıq keyfiyyətləri bəzi komandalardan geri qalsa da, kollektiv oyunları onlar üçün üstünlükdür.

– “Molde”yə qarşı yaxşı nəticələriniz var. “Bodo-Qlimt”ə qarşı da bunu təkrarlamaq üçün nələr etməlisiniz?
– “Molde” ilə matçlarda bir qələbə, bir heç-heçə etsək də, asan olmadı. Bakıdakı oyunda son dəqiqədə hesabı bərabərləşdirmişdik. “Molde” ilə “Bodo-Qlimt”in oyununa baxdım və hesab 3:3 oldu. Eynisəviyyəli, bir-birini çox yaxşı tanıyan komandalardır. Norveç çempionatında səhv etmirəmsə, 16 komanda var və ilk “8-lik”də güclü rəqabət var. Ölkədə futbol olaraq böyük inkişafdadırlar. Həm fiziki, həm taktiki, həm texniki dəyişikliklər edirlər. Onları “Molde”dən ayırmaq istəmirəm. Sabah qələbə də qazana bilərik, məğlub da ola. Bütün 90 dəqiqəni intizamlı və diqqətli olmalıyıq.

Şahin Cəfərov