“Turan Tovuz” Premyer Liqada 4 turdan sonra 10 xalla liderdir. Bölgə təmsilçisi son turda “Qarabağ” səfərindən üç xalla dönməyi bacarıb.
Komandanın kapitanı Şəhriyar Əliyev “FutbolPress“ə müsahibəsində nəticələrdən və hədəflərdən söz açdı:
– Son illərin çempionu “Qarabağ”ı səfərdə məğlub edə bildiniz (1:0). Görüşü şərh edərdin…
– Oyunun çətin olacağını bilirdik. “Qarabağ” çempionatda nadir hallarda uduzur. Baş məşqçimiz Kurban Berdıyevin tapşırıqlarını yerinə yetirməyə çalışdıq və qələbə qazandıq. “Qarabağ” son illərin dəyişməz çempionudur, onları məğlub etmək bizim üçün böyük uğurdur. Bunun davamını gətirmək istəyirik.
– Fikirlər var ki, “Qarabağ”ın diqqəti Çempionlar Liqasının “Dinamo” (Zaqreb) ilə pley-off oyunundadır və çox güc sərf etmədi. Bu fikirlərlə razısınız?
– “Qarabağ” elə komandadır ki, heç bir matçda uduzmaq istəmirlər. Böyük komandadırlar. Özlərini yormaq istəmədilər kimi fikirlərlə razı deyiləm. Onlar da yaxşı mübarizə apardılar. Düzdür, ola bilər “Dinamo” səfərindən yorğun qayıtmışdılar, amma oynadılar. Baş məşqçimizin tapşırıqlarını düzgün icra etdik və çalışdıq ki, onlara qol şansı verməyək. Çünki “Qarabağ” elə komandadır ki, xırda səhvdən fərqlənməyi bacarır.
– 4 turdan sonra qol buraxmayan yeganə komandasınız. Sirr nədədir?
– İnşallah, davamlı olar. Baş məşqçimizin oyun üslubu var və ona uymağa çalışırıq. Oyunlardan öncə bildirir ki, müdafiədə nələri düzgün etmək lazımdır ki, etibarlı olaq. Çalışırıq, oyunumuzu daha yaxşılaşdıraq.
– Qarşıdan milli komandanın oyunları ilə əlaqədar fasilə gəlir. Yığmaya dəvət gözləyirsiniz?
– Milliyə uğurlar arzu edirəm. Futbolçular olaraq həmişə çalışırıq ki, stabil oynayaq. Milliyə yeni baş məşqçi gəlib və çalışırıq ki, onun diqqətini çəkək. Hər oyunçu milliyə dəvət gözləyir. Yığmada olmaq şərəfdir və ümid edirəm ki, yenidən millidə olaram.
– Növbəti rəqibiniz “Səbail” olacaq. Görüşdən gözləntiləriniz nədir?
– Hər oyuna qələbə üçün çıxırıq. Çalışacağıq ki, növbəti görüşdə də yaxşı nəticə əldə edək və fasiləyə müsbət əhvalda yollanaq.
– “Turan Tovuz”un hədəfi nədir?
– Hər oyuna xal üçün çıxırıq. Böyük klublardan da xal almağa çalışırıq. Qarşımıza hədəf qoymuşuq ki, hər matçda daha yaxşı oynayıb, xallar qazanaq.
Şahin Cəfərov