Azərbaycan millisinin UEFA Millətlər Liqasında C Liqasında çıxışı ürəkaçan olmadı. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 5 oyunda cəmi 1 xal qazandı və D Liqasına yuvarlandı.
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov “FutbolPress“ə açıqlamasında millinin nəticələrini şərh etdi:
“Dünyada elə şanslı məşqçi tanıyırsınızmı ki, Azərbaycanı düşdüyü böhran vəziyyətindən çıxarsın, AÇ-2028-in final mərhələsinə vəsiqə qazansın? Ancelotti-Klopp-Qvardiola triosu gəlsə belə bu mümkünsüzdür. Millinin problemləri məşqçidə deyil, milli futbol təsərrüfatının tam iflic vəziyyətində, yararsız kötük durumunda olmasıdır. İcraiyyə komitəsi yaxşı olardı ki, səmimiyyət nümayiş etdirib öz tərkibinə yenidən baxsın, AFFA-nın idarəetmə tərkibində əsaslı islahatlar aparılsın, qurumun fəaliyyəti üzrə yeni inkişaf konsepsiyası hazırlansın, ölkənin müvafiq qurumlarını cəlb etməklə bütün yaşayış məntəqələrini əhatə edən geniş şəbəkəli fəaliyyət proqramı tərtib edilsin. Nədənsə bizim futbol məmurları da, jurnalist korpusu da futbolumuzun total fiaskosunu yalnız məşqçi vəzifəsini tutmuş “Fətiş” kişi obrazında görürlər. Bugünkü durumun ən az günahkarı məşqçidir. Ən böyük günahkarları legioner limitinin 8-ə qaldırılması ideyasını ortaya atanlar və bu kimi ideya müəllifləridir. Ölkə futbolu reanimasiyada, kliniki ölüm vəziyyətindədir. Bu vəziyyətdə məşqçinin dəyişməsi məsələsini ortaya atmaq əsil günahkarları məsuliyyətdən yayındırmaqdır”.
Şahin Cəfərov