Olimpiadaya təyinat alan azərbaycanlı referi: “Hədəflərimdən biri “Qızıl fit”i qazanmaqdır”

Dünən Dünya Güləş Birliyi (UWW) Olimpiya Oyunlarında ədaləti qoruyacaq hakimlərin siyahısını açıqlayıb. 39 nəfərlik siyahıda azərbaycanlı referi Asif Şirəliyevin də adı qeyd olunub. I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. O, ilk dəfə Tokio-2020-də debüt edib.

Asif Şirəliyev təəssüratlarını “FutbolPress”lə bölüşdü:

“2007-ci ildə Dünya Güləş Birliyinin (UWW) beynəlxalq dərəcəli hakim statusunu qazanmışam. 2015-ci ildən isə super dərəcəli hakim kateqoriyasındayam. Böyüklər arasında keçirilən Avropa, dünya çempionatlarında öz ədalətli qərarlarımla daim UWW-nin diqqətini cəlb etmişəm. Dəfələrlə final matçlarını və medal görüşlərini mənə həvalə ediblər. II Avropa oyunlarında, IV İslam Həmrəylik Oyunlarında ədalətli qərarlarımla yadda qalmışam. 2019-cu ildə Tokioda keçirilən Olimpiya Oyunlarına seçin turniri keçirilirdi, orda da uğurla yadda qaldım və ilk dəfə olimpiadaya təyinat aldım. Hər zaman öz savadıma inanmışam. Tokiodan sonra qarşımda olan əsas hədəf Paris-2024 idi. Dünən Dünya Güləş Birliyi Olimpiya Oyunları üçün yekun siyahını açıqladı və mənim üçün də qürurvericidir ki, həmin siyahıda varam. Bu təyinat illərdir çəkilən zəhmətin bəhrəsidir. Birinci dəfə Olimpiya Oyunlarındakı iştirakımı kimsə təəssadüf adlandıra bilər, amma ikinci dəfə iştirak etməyim, artıq peşəkarlığımdan irəli gəlir. Şadam ki, belə bir missiyanın daşıyıcısıyam. Çalışacam ki, ölkəmi layiqincə təmsil edim”.

Referi bu təyinatı gözlədiyini qeyd etdi:

“İnanırdım ki, Olimpiya Oyunlarına təyinat alacaq hakimlər arasında mənim də adım olacaq. Olimpiadaya qədər bir neçə sınaq yarışları oldu. İlk yarış Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı idi. Bu yarışlar güləşçilərə lisenziya verdiyi kimi, eyni ilə hakimlər üçün də seçim xarakterli idi. Hakimlər üçün jüri heyəti formalaşdırılmışdı və onlar da bizim idarə etdiyimiz görüşlərə qiymət verirdilər. Dünən də onların yazdığı ballara istinad olaraq yekun siyahı açıqlandı. Seçimlər hakimlər üçün olduqca çətin oldu. Birinci və ikinci mərhələni keçən referilər var idi ki, sonuncudan uğurla keçə bilmirdilər. Kiçik səhvlər buna səbəb olurdu. Şükürlər olsun ki, sona qədər uğurla işimi tamamladım”.

Şirəliyev azərbaycanlı hakimlərin sayının olimpiadada çox olmasını arzulayır:

“İstərdim ki, mənimlə birlikdə başqa azərbaycanlı həmkarlarım da Olimoiya Oyunlarında ədaləti qorusun. Lakin seçim edəndə bütün nüanslara diqqət edirlər. Digər hakim həmkarlarımın təyinat alması həm mənim üçün, həm də güləşçilərimiz üçün yaxşı olardı. Çox hakimlə təmsil olunduqda, digər ölkənin referiləri də bizim güləşçilərə qarşı daha diqqətli, həssas yanaşır”.

London Olimpiya Oyunlarında Hicran Şərifov ən yaxşı hakim seçilmiş və “Qızıl fit” mükafatına layiq görülmüşdü. Asif Şirəliyev də bu uğuru Parisdə təkrarlamaq niyyətindədir:

Hədəflərimdən biri “Qızıl fit”i qazanmaqdır. Bunun da üzərində çalışıram. Ümid edirəm zamanla Dünya Güləş Birliyi çıxışıma layiqincə qiymət verər”.

Məlik Məlikov