“Sabah”ın prezidenti Maqsud Adıgözəlov Rusiyanın “Matç TV” telekanalına müsahibə verib.
Futbolpress.az xəbər verir ki, funksioner komandanın yeni baş məşqçisi Vasili Berezutskinin təyinatı haqda danışıb:
– Daha əvvəl Murad Musayev komandaya rəhbərlik edib. Vasilinin təyinatı zamanı onunla məsləhətləşdinizmi?
– Musayevlə yaxşı əlaqələrimiz var və bu yaxınlarda Moskvada görüşdük. Müxtəlif mövzulardan, o cümlədən, futbolla bağlı müzakirələr apardıq. O, “Sabah”da işləyən zaman Vasili haqda müsbət rəylər vermişdi. Çünki peşəkar məşqçilik üçün lisenziya kursuna birlikdə getmişdilər.
– “Sabah” rus məşqçilər məktəbindən razıdır?
– İstənilən futbol məktəbinin mütəxəssislərinə açığıq. Bizimçün əsas olan peşəkarlıq, işə yanaşma və məqsədlərimizə uyğunluqdur.
– Vasilinin qarşısına hansı məqsədlər qoyulub?
– Birinci mərhələdə uğursuz seriyanı aradan qaldırmaq və komandada inamı bərpa etməkdir. Bundan əlavə, gələcək üçün hədəflərimizi və strategiyamızı müəyyənləşdirmək. Bunlar ətraflı müzakirə olunub və razılaşdırılıb.