Nuriyev: “Hansısa hədəfdən danışmaq tezdir”

“Zirə” Premyer Liqanın VI turunda “Neftçi”ni məğlub edib – 2:0. “Qartallar” çempionatda hazırda 9 xalla 5-ci sıradadır.

“Zirə”nin futbolçusu Ceyhun Nuriyev “FutbolPress“ə açıqlamasında qələbəni şərh etdi:

“Demək olar, oyunda bütün üstünlük bizdə idi. Daha çox qol epizodu yarada bildik və rəqibi təzyiq altında saxladıq. Qələbəni gətirən amil intizamlı oyunumuz idi”.

Yarımmüdafiəçi bu mövsüm həm çempionatda, həm də avrokuboklarda yaxşı təsir bağışlayan “qartallar”ın uğurunun səbəbini izah etdi:

“Heyətimizi zənginləşdirmişik və avrokubok oyunları da müəyyən təcrübə qazandırıb. Həm də, ötən illə müqayisədə bu mövsüm daha çox hücum edir, irəlidə inamlı oynayırıq və çoxlu qollar vururuq. İndiki məqamda hansısa hədəfdən danışmaq tezdir. Hər oyuna qələbə ilə çıxırıq”.

Nuriyev öz oyununu da dəyərləndirdi:

“Oyunumda ciddi problem olmadığını düşünürəm. Lakin hər matç səhvlərim olur və bunları təhlil edirəm. Heç vaxt nədənsə qane olmuram, həmişə bacardığımın yaxşısını etmək istəyirəm”.

Şahin Cəfərov