Dünən AFFA İcraiyyə Komitəsinin iclası baş tutdu. Qərara alındı ki, Premyer Liqada komanda sayı artırılmır, idman prinsipləri qorunur və legioner limiti 2025/2026-cı il mövsümü üçün dəyişdirilir.
Futbol mütəxəssis Novruz Əzimov “FutbolPress”ə açıqlamasında verilən qərarlar haqda fikirlərni bildirdi:
“Sözsüz ki, idman prinsiplərinə əməl olunmalıdır. Bu gözlənilən idi. Lakin hamı komanda sayının artırılmasını gözləyirdi. Ancaq bu qərar verilmədi. Bu da ölkə futbolunun inkişafını bir neçə il daha ləngidəcək. I Liqanı da 14 komanda etmək lazım idi. Əhali sayı Azərbaycanla eyni olan ölkələri müqayisə etdikdə görərik ki, bir çox çempionatındakı komanda sayı bizdəkindən daha çoxdur. I Liqada iki namizəd Premyer Liqaya iddialıdır. Onlar zəhmətləri hesabına buna nail olublar. Lakin “Qaradağ Lökbatan”ın inftartrukturu da istənilən səviyyədə deyil. Amma “İmişli”də infrastruktur daha yaxşı görünür. Düzdür, hansı lisenziya şərtlərini ödəyəcək, onlar Premyer Liqaya buraxıla bilər. “İmişli”nin bölgə klubu olmasını da nəzərə alaraq, onların elitaya vəsiqə qazanması daha yaxşı olardı”.
Əzimov legioner limiti ilə bağlı verilən qərara da öz münasibətini bildirdi:
“Bizim 20-21 yaşlı futbolçularımız var idi ki, Elxan Məmmədovun qoyduğu qayda-qanunlara görə futboldan uzaq düşdülər. Müəyyən qədər insan legioner limitini klubların inkişafına görə ləğv olunmasını istəyir. Lakin söhbət Azərbaycan futbolundan gedir. Bizim futbolçular oynamalıdır. Azərbaycan futbolu o qədər inkişaf etməyib ki, klublarda legionlerlər daha çox olsun. Qeyd etdiyim kimi, məsələ Azərbaycan futboludur. 7+4 olduqca yaxşı idi. Hətta deyərdim ki, bir çox klublarımız normal 7 legioner də tapa bilmirlər. Digər klublar da “Qarabağ” kimi seçim etməlidir. Bir neçə klubumuz var ki, hər il legioner alıb-satır. Ortada nəticə yoxdur. Növbəti mövsüm legioner limitinin dəyişdirilməsi yerli futbolçulara zərbə olacaqdı. Limit dəyişəndə, klub sayı artırılsa, bunda nəyisə kompensasiya etmək olar. Qeyd etdiyim kimi, limit olduğu kimi qalmalı, Premyer Liqa və I Liqada komanda sayı artırılmalıdır. Nə demək olar, artıq qərar verilib, sadəcə gözləmək lazımdır”.
Məlik Məlikov