Bu qeyd üçün millinin oyununu gözləməli oldum. 1:3 uduzduq. Mahir də qol vurmadı, əksinə, hücumdakı “passiv aktivliyi” ilə (bəli, belə bir ifadə var) faydasızlıq nümayiş etdirdi…
Açığı, sözüm onda yox, bundadır ki, oyunqabağı mətbuat konfransına baş məşqçiylə birgə niyə Mahir Emreli çıxarılmışdı?
Nə səbəbə?
Hələ bir dedikləriylə də özünə süni bəraət qazandırmağa cəhd etmək-filan.
Media önünə Mahirdən çox Toral Bayramov, Elvin Cəfərquliyev, Bədavi Hüseynovdan biri çıxmalıydı. Onlar uğurlu mövsüm keçiriblər. Mahir nə edib? Zaqreb klubunda olub, oyuna çıxmamağı özünə belə böyük şey sayan oyunçu tükənmişlik sindromu yaşayır. Mahir unutmamalıdır ki, son on ildə daimi avrokubokların qrup mərhələsində oynayan “Qarabağ”dan gedib ora. 1/8 final oynayan komanda…
Əfsus ki, mental olaraq ciddi düşüş yaşayan Mahir bunu şou elementləriylə bəzəyib ictimaiyyətə normal bir şey imiş kimi sırımaq istəyir.
Albaniya ilə oyundakı canfəşanlığı fonunda faydalı iş əmsalının aşağı olması da Mahirə ciddi siqnal olmalıdır – vəziyyətə bəraət qazandırmaq yox, barışmaz olmaq gərəkdir.
Bunlar öz yerində. Aidiyyatı nəfərləri belə məqamlarda diqqətli olmalıdır. Mövsümboyu oynamayan oyunçunu rəsmi oyunöncəsi mətbuat konfransına çıxaranda düşünmək lazımdır: haqqı çatanlara haqsızlıq olur bu…
Kamil Əhməd