Nikosiyada təzyiq “altı”nda qalanlar

“Zirə” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Omoniya”ya böyük hesabla məğlub olub. “Qartallar” Kiprdə baş tutan görüşdə meydanı 0:6 hesablı məğlubiyyətlə tərk edib.

“Zirə”nin cavab oyununda təcrübəli rəqibi qarşısında 7 top fərqi ilə qələbənin hardasa, mümkünsüzə yaxın olduğunu desək, yanılmarıq. Futbol tarixində belə hesabdan geridönüşün olduğu da demək olar, görülməyib.

Premyer Liqada və Konfrans Liqasında ardıcıl qələbələrlə təriflər yağdırılan “Zirə”dən Kiprdə gözləntilər böyük idi. Azından komandanın heç-heçəyə oynayacağına ümidlər vardı, amma… Kipr səfərləri həmişə çətin olub, xüsusilə, çılğın azarkeş kütləsinə sahib “Omoniya” ilə səfər duellərində bir qələbəmiz var, o da “Qarabağ”ın adına bağlıdır.

“Omoniya” oyuna daha sürətli başlayıb, qısa ötürmələrlə hücuma can atırdı. 15 dəqiqəyə qədər rəqibin müqavimətini qırmağı bacaran “Zirə” daha sonra cərimə zərbəsindən buraxdığı qolla demək olar, dağıldı. Artıq həyəcan artmış, fərdi səhvlər çoxalmağa başlamışdı. Fasiləyə yaxın daha iki qolun vurulması və ilk hissənin 0:3-lə bitməsi artıq oyunun da əldən getdiyinə işarə idi.

Buna baxmayaraq, fasilədən sonra eyətdə dəyişikliklər edən Rəşad Sadıqov komandadakı həyəcanı atdıra bilmədi. “Omoniya” artıq sadə hücumlarla da qol vurmağı bacarırdı. Xüsusilə, 5-ci qolda “qartallar”ın müdafiəsindəki çaşqınlıq dərs çıxarmalı məqamlardandır.

Konfrans Liqasında tarix yazaraq pley-off mərhələsinə yüksələn “Zirə” burdaca ilk oyunda böyük hesabla məğlub olaraq öz antirekorduna imza atmış oldu. Komanda buna qədər avrokuboklarda bir görüşdə bu qədər qol buraxmamışdı. Qarşıda “Omoniya” ilə cavab görüşü var və azından yaxşı oyunla qazanılacaq qələbə Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırmaqda faydalı olar.

Şahin Cəfərov