')

Bu gün:


FutbolPress.Az | Gülağa Cabbarov: "Mən getdiyim yerə bir də dönmürəm" (MÜSAHİBƏ)

Gülağa Cabbarov: "Mən getdiyim yerə bir də dönmürəm" (MÜSAHİBƏ)


oxunma sayı: 1916 Paylaş:

FutbolPress2008-ci ildən Hakim-İnspektorlar Komitəsinin sədri olmuş Gülağa Cabbarov 2017-ci ilin martında bu postdan uzaqlaşdırılmışdı. AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarlardan biri də Cabbarovla bitən müqavilənin uzadılmaması idi. Onu "qədim kadr" Əli Hüseynov əvəz eləmişdi.

Cabbarovun oğlu Rauf son ölkə kubokunun finalını idarə elədi, mümkündü ki, FIFA referiliyinə namizəd kimi təqdim edilsin.

Bu ərəfədə Gülağa bəyi yoluxmağa səbəb var. Axı həm də HİK-in Hakimlər Komitəsi ilə birləşdirilməsi müzakirə mövzusudur. Bu və başqa məsələlər barədə həmişə öz fikri olan Gülağa Cabbarovla müsahibə etdik.

- Salam, Gülağa müəllim, necəsiz?
- Salam, çox xoşdu sizinlə danışmaq, buyurun.

- Oğlunuz Rauf ölkə kubokunun finalını idarə elədi. Necəydi idarəçiliyi?
- Onun işinə yanaşmasını həmişə bəyənmişəm.

- Sizə elə gəlmirmi, bir az gec dəbərdi?
- Buna idmançı bəxti deyərdim. Olur da... Bu cür hazırlığa o, çoxdan nail olub. Sadəcə, lazımlı nəticələr gec gəldi.

- Rauf daha da irəli gedə bilərmi?
- Əlbəttə, bununçün ciddi bazası da var. Rauf intellekti yüksək biridir. Oğlum olduğuna görə demirəm. Orta məktəbi də, universiteti də yaxşı nəticələrlə bitirib. İki magistr təhsili alıb, onlardan birini xaricdə. Savadla yanaşı, bacarığı da var. Çox çalışır, istədiyinə nail olmaqçün əlavə köməyə ehtiyac duymur, özü nail olur.

- Əliyar Ağayev I kateqoriyaya yüksəldi...
- Bilirsiz, hələ vəzifədə olmadığım dövrlərdə - 2006, 2007-ci illərdə gənclərlə işləyirdim. Onların yetişməsində təmənnasız xidmət eləmişəm.

- Konkret kimlər?
- Hazırda Topaz Premyer Liqasında idarəçilik edən bütün hakimlər, elə Əiyar da. Bəzən kimlərsə öz adına çıxa bilər, ancaq hər işin əsl sahibi olur.

- Anladım sizi.  Xarakterinizə də bələdəm. Bəs belə biri hakimlik sahəsində vəzifədə niyə lazım olmadı?
- Bu məni qəti maraqlandırmır.

- Amma maraqlananlar az deyil. Niyə uzaqlaşdırıldınız?
- AFFA ilə müqaviləm bitmişdi. İcraiyyə Komitəsi belə qərar verdi ki, daha lazım deyiləm.

- Bir az naməlum qaldı o məsələ. Cabbarovun lazım olmaması inandırıcı gəlmədi heç kəsə. İK-nın qərarı protokol xarakterli, yəni işin rəsmi tərəfidir, ancaq kulisdə dolaşan söhbətlərə görə, nəsə sizdən PFL prezidenti Ramin Musayevə oğlunuzun lehinə hansısa...
- Qəti razı deyiləm. Əsassız və yalan söhbətlərdir. Mənə heç kəs heç nə deməyib, bildirməyib. Lazım olmadığım açıqlanıb. Mən lazım olmadığım yerdə qalmıram.

- Bəs haqsızlıq etdilər axı sanki...
- Dediyim kimi, qəti maraqlandırmır məni.

- Sanki küskünsünüz...
- Yanlış müşahidədir. Bunu qara hərflərlə qabardıb qeyd edərsiniz, Gülağa Cabbarov küsmür. Elə xarakterli biri deyiləm. Mənim kifayət qədər məşğuliyyətim, işim və maraq dairəm var. Keçmiş heç bir şeyi fikir eləmirəm.

- 10 ilə yaxın səhər işə, axşam işdən evə rejimi... İndi nə edirsiniz?
- 1979-cu ildən hakimlik sahəsindəyəm. Bu sahəyə təsadüfi gəlməmişəm. Futbol adamıyam. "Əmircanlı" klubu ilə 1978-ci ildə Azərbaycan çempionu, daha sonra ölkə kubokunun qalibi olmuşam. Daha sonra hakimlik karyerası, təlimçi və sairə. İndi də işlərim kifayət qədərdir. Hər bir prosesi izləyirəm. FIFA oyun qaydaları kitabını oxuyuram, dəyişiklikləri izləyirəm. Bu sahədən kənarlaşmamışam. Boş vaxtım əvvəlkindən də azdır.

- Komitələrin birləşdirilməsi məsələsi yenidən gündəmdədir. HİK və HK birləşsə, sədr olmaq...
- Yenə deyirəm, mən özümü harasa, kiməsə təklif etmək fikrindən uzaq adamam. Harda lazımamsa, ora çağırırlar, uyğunamsa, gedirəm. Bu sahənin bilicisiyəm, iddialı biriyəm. Kiminsə maraqları üçün deyil, peşəkarlıq şərtləriylə işləmişəm daim.

- Onda vahid komitəyə sədr postuna Xaqani Məmmədovdan başqa Vüsal Əliyev kimi sizi də iddialı saymaq olar?
- Bilmirəm kim nəyə niyə iddialıdır, ancaq bu komitələrin birləşdirilməsi yeni mövzu deyil.  FIFA və UEFA-nın çoxdankı tövsiyyəsidir. Avropada cəmi 2-3 ölkədə  bu format qalıb. Hamısında komitələr departamentdə birləşib. Qaldı ki, sədrlik məsələsinə iddiama, mən getdiyim yerə bir də dönmürəm.

- Qətiyyəli fikirlərinizin ortasında bir sualıma da isti-isti cavab alım. Azərbaycan hakimliyi Əliyar Ağayevin irəliləyişi kimi başqa perspektivlər də vəd edirmi?
- Çətinlik çəkirəm cavab verməyə. İki ildi lap yaxın deyiləm proseslərə. Sizin  kimi, oyunlarda izləyirəm hakimləri.

- Bəs əsas nəylə məşğul olursunuz?
- Həftədə iki dəfə futbol oynayıram. Sağlam fikir sahibi olmaqçün bədən sağlam olmalıdır. Vaxtım əvvəlkindən daha az olur.

- Nələrə sərf edirsiniz vaxtı?
- Nəvəmə.

- Çox mənalı və çoxmənalı gözəl cavabnızdan sonra sual vermək istəmirəm. Belə major notda bitirək müsahibəni.
- Məmnun oldum.

Elçin Cəlilov


oxunma sayı: 1916 | Paylaş:




?>