')

Bu gün:


FutbolPress.Az | İnkişaf Turnirindən gözləntilər: "Məqsəd uşaqların inkişaf etməsidir"

İnkişaf Turnirindən gözləntilər: "Məqsəd uşaqların inkişaf etməsidir"


oxunma sayı: 425 Paylaş:

FutbolPressAzərbaycanın U-17 millisi aprelin 21-də Belarusa yollanacaq. Yığma burada UEFA-nın İnkişaf turnirində iştirak edəcək. Rəqiblər Özbəkistan, Tacikistan və Belarus olacaq.

U-17-nin baş məşqçisi İlham Yadullayev "FutbolPress"ə açıqlamasında turnirə hazırlıqdan danışdı:

"Hazırlığımız bir neçə gündür başlayıb. Heyətdə həm yerli, həm də xaricdən gələn uşaqlar var. Hazırlıqlarımız qaydasındadır. Uşaqlar gözlədiyimdən bir az daha yaxşıdır. Xüsusilə, xaricdə olanları çox görə bilmirik. Onlarda da fiziki baxımdan artım hiss olunur. 24 futbolçu ilə hazırlaşırıq, lakin turnirə 20 oyunçu ilə gedəcəyik. Reqlament belədir və hər oyunçu 90 dəqiqə oynamalıdır. Heyətdə rotasiyalar edəcəyik, hər uşaq şans qazanacaq".

Mütəxəssis yerli uşaqlarla legioner həyatı yaşayanlar arasındakı fərqlərdən söz açdı:

"Yerli uşaqlar burada öz liqalarımızda oynayır. Açığı, onlar gözlədiyimdən daha yaxşıdır. İnanıram ki, Belarusdakı turnir hər oyunçu üçün təcrübə olacaq. "Marset" (İspaniya), "Srvena Zvezda" (Serbiya), "Moskva"dan (Rusiya) gələn oyunçuların xarici təcrübələri daha yaxşıdır. Yerli uşaqlarda bu baxımdan çətinlik var. Amma hər turnir bir təcrübədir və bunlardan maksimum yararlanmaq istəyirik".

Yadullayev turnirdəki rəqibləri də dəyərləndirdi:

"Maraqlı oyunlar olacaq. Bizimçün əsas məqsəd uşaqların inkişafıdır. Düzdür, nəticə də önəmlidir. Uşaqlarda qalib ruh yaratmalıyıq. Artıq onlar xaricdə qələbələr qazanmağı, bununçün mübarizə etməyi öyrənməlidir. Bu baxımdan nəticəyə də diqqət edəcəyik. Amma yenə qeyd edirəm, məqsəd uşaqların inkişafıdır. Güclü rəqiblərlə oynamaq çox şey qazandırmaz, ancaq özümüzə uyğun komandalarla nəticəyə oynayıb, uşaqların inkişafını düşünməliyik. İnanıram ki, Belarusda yaxşı nəticə əldə edə biləcəyik".

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

Şahin Cəfərov


oxunma sayı: 425 | Paylaş:




?>