')

Bu gün:


FutbolPress.Az | "Zenit"in futbolçusu: "İstəyirəm Azərbaycan millisini bütün dünya tanısın" (MÜSAHİBƏ)

"Zenit"in futbolçusu: "İstəyirəm Azərbaycan millisini bütün dünya tanısın" (MÜSAHİBƏ)


oxunma sayı: 643 Paylaş:

FutbolPressQadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan və İsveçrə ilə qarşılaşıb. Komandamız macarlarla heç-heçə (1:1) etsə də, İsveçrə ilə bacarmayıb - 0:4.

Yığmamızın və "Zenit"in müdafiəçisi Nigar Mirzəliyeva ilə yığmanın oyunları, Rusiyadakı gələcəyi və s. məsələlər haqda söhbətləşdik.

- Milli komanda ilk oyunda Macarıstanla səfərdə bərabərliyə razı oldu. Oyun haqda fikirləriniz nədir?
- Macarıstan yaxşı komandadır. Qarşılaşma çətin keçsə də, sona qədər mübarizə apardıq, vuruşduq. Və istədiyimiz nəticəni də əldə etdik. Səfərdən qələbə ilə dönə bilərdik. Lakin əlimizə düşən epizodlardan yararlana bilmədik. Nəticədə bərabərliyə razı olduq.

- Səfərdə bir xal qazansanız da, Bakıda İsveçrə ilə bacarmadınız. 0:4 məğlubiyyətə səbəb nə oldu?
- İsveçrə olduqca güclü komandadır. Ümumiyyətlə, bizim qrupda asan rəqib yoxdur. Rəqibi analiz etmişdik. Barələrində məlumatımız var idi. Bilirdik necə oynayacaqlar. Qolları səhvlərimizdən buraxdıq. Daha yaxşı oyun göstərə bilərdik. Səhvlər olmasaydı, 1 xal qazanmaq mümkün idi. Təəssüf ki, belə alındı. İnşallah, səhvlərimiz üzərində işləyəcəyik, daha yaxşı nəticə üçün çalışacağıq.

- Ümumiyyətlə, komandamızın qrupdakı şanslarını necə qiymətləndirirsiniz?
- İstəyirik ki, B Liqasında qalaq və qrupda ən azı 2-ci yeri tutaq. Mayda Türkiyə ilə həm Bakıda, həm də səfərdə qarşılaşacağıq. Hər iki qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Məsələyə milli komandanın legioner üzvü kimi yanaşmanızı istərdim. Ölkəmizdəki qadın futboluna baxdıqda çatışmayan nələri görürsünüz?
- Millinin hər oyunundan sonra inkişaf hiss olunur. Oyun təcrübəmiz artır. Səhvlərimizi görüb onlar üzərində işləyirik. Ən əsası, üzvlərimizin çoxu legioner həyatı yaşayır. Çoxu bildiyiniz kimi, xarici klublarda çıxış edir. Bu yaxşı haldır. Qeyd etdiyim kimi, zaman keçdikcə daha yaxşı komanda formalaşacaq. Bundan əlavə, bildiyiniz kimi mən "Zenit"də çıxış edirəm. Burada futbol həddindən artıq sevilir. Qadın futboluna dəyər verilir. Azarkeşlər böyük maraq göstərirlər. Çox istərdim ki, Azərbaycanda qadın futbolu ən azı Rusiyadakı qədər inkişaf etsin və dəyər verilsin.

- "Zenit"dən söz düşmüşkən, komandada işlər necə gedir?
- Burada hər şey qaydasındadır. Komandamdan çox razıyam. Hələlik turnir cədvəlində ikinciyik. İşlərimiz axarında gedir. Əsas məqsədimiz çempion olmaqdır və bunun üçün nə lazımdırsa, edəcəyik.

- Mövsümün sonunda komanda ilə müqavilənizin müddəti başa çatacaq. Yeni sözləşmə haqda düşünürsünüz, ya başqa klublardan təklif var?
- Bəli, müqavilə mövsümün sonuna başa çatacaq. Bir neçə klubdan təklif var. Hazırda fikirləşirəm, qərar verməkdə tələsmirəm. Amma ola bilər ki, "Zenit"lə müqaviləni yeniləyim.

- Hədəflərinizə çatmaq üçün "Zenit"in köməklik edəcəyini düşünürsünüz?
- Hədəfim Avropanın top klublarında çıxış etməkdir. Bundan əlavə, çalışıram ki, üzərimdə daha çox işləyib, səhvlərimi minimuma endirim. Həmçinin milliyə də köməklik etmək istəyirəm. İstəyirəm Azərbaycan millisini bütün dünya tanısın.

Məlik Məlikov


oxunma sayı: 643 | Paylaş:




?>