')

Bu gün:


FutbolPress.Az | Zəhrimarsifətin qımışması

Zəhrimarsifətin qımışması


oxunma sayı: 1445 Paylaş:

FutbolPress"Qarabağ"ın qapıçısı Andrey Lunyovun meneceri Rusiya mətbuatına müsahibəsində qeyri-ordinar fikirlər işlədib:

"Yanvar-fevral aylarında "Qarabağ" müqavilənin uzadılması ilə bağlı təklif irəli sürdü, lakin şərtlər uyğun deyildi. Lunyov layiq olduğundan daha az maaş alıb. İndi öz dəyərini sübut edib və komandanın uğurlarında pay sahiblərindədir. Andreyin 32 yaşı var, ona tələbat yüksəkdir. Bizim "Qarabağ"a qarşı şərtlərimiz məqbuldur, həddindən artıq deyil".

Zahirən normal görünən açıqlamadır. Tipik menecer söhbətləri...

Ancaq:

"Açığı, belə danışıqlar məxfi olmalıdır. Mətbuata məlumatı sızdıran klub adamlarından fərqli olaraq, rəqəm verməyi etik hesab etmirik. Bu cür davranışlar Andreyin qalmasına kömək etməyəcək. Fikrimcə, bu məsələyə aydınlıq gətirmək lazımdır. Lunyov "Qarabağ"a gələndə maaşı ciddi şəkildə aşağı idi".

Burda isə zurnanın "xoruz" buraxdığını rahatlıqla demək olar. Məxfilikdən danışılır, menecer özü də məxfiliyə əməl etmir. Həm də daha pis formada - qarşı tərəfi ittiham etməklə.

600 min avro istədiklərini mediaya klub nümayəndəsinin sızdırdığını demək həm etik cəhətdən səhvdir, həm məntiqi xəta.

Lunyov bura aşağı maaşa gəlibsə, deməli, razılaşıb gəlmişdi. Məcburi mümkün deyil, hansısa centlmen razılaşmanın da - məsələn, menecerin iddia elədiyi kimi, özünü yaxşı göstərə bilərsə, maaşı, tutalım, üç dəfə artırılacaq - kimi olmadığı görünür. Elə isə menecerin hədyan danışığı nəyə əsaslanır?

"Bayer"dən gəldiyini qabartmaq da uğurlu gediş deyil, çünki orda "paslanmışdı". Böyük ehtimalla, bu məsələdə Lunyovun meneceri haqlı deyil və üstəlik nəzərə almalıdır ki, onun "məhsulu" qiymət artımına məhz "Qarabağ"da oynamaqla nail olub. Centlmen razılaşma olmayanda nə olar, gərək centlmenliyi kənara atıb klubu hədələyəsən, ona yuxarıdan aşağı baxasan?

Həm mövzu açılmışkən, Lunyov haqda bir subyektivi də açıqlamaq lazımdır. Mətbuat konfranslarında Lunyovun "performansı" da menecerinkinə çox oxşayır. Sanki yuxarıdan baxır. Sifətindən də zəhrimar əskik olmur.

Əgər "Qarabağ"da oynamağı özünün hansısa möhtəşəm hesab etdiyi karyerasına görə aşağı bir şey hesab edirsə, bu yanlışdır. Bunu meneceri də bilsə, yaxşı olar. "Qarabağ"da Asmir Beqoviç kimi, karyerası Lunyovu tərbiyələndirəcək qapıçı da olub və s.

Ümumiyyətlə, həm Lunyov, həm onun meneceri "Qarabağ" üçün xarakterik olmayan narahat tipajdılar. Rahat olun, qonaqlar...

Elçin Cəlilov


oxunma sayı: 1445 | Paylaş:




?>