“Neftçi”nin növbəti uğursuz “Qarabağ” sınağı

Dünən Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində “Qarabağ” “Neftçi”ni qəbul etdi. Matç Ağdam təmsilçisinin qələbəsi ilə başa çatdı – 5:0.

Komandalar bu futbol mövsümü ərzində 6-cı dəfə idi qarşılaşırdılar. Ölkə kubokunun yarımfinalında “Neftçi”ni mübarizədən kənarlaşdıran “Qarabağ”, 3 dəfə də Premyer Liqada rəqiblərini məğlub etmişdi. Qarşılaşmadan əvvəl “Qarabağ”ın çempionluğu təmin etməsini və “Neftçi” üçün avrokuboklar yolunda 3 xalın hava-su kimi lazım olduğunu nəzərə alaraq, matçın gərgin keçəcəyini, “Neftçi”nin isə azı bir xal qazanacağını təxmin edənlər az deyildi. Lakin meydanda sadəcə bir komanda var idi – “Qarabağ”. Rəhbərlik tərəfindən qarşısına ikincilik hədəfi qolulan Bojoviçin getdikcə şansları azalır. Komanda bu mövsüm xüsusən də əzəli rəqibi “Qarabağ”a qarşı müqavimət göstərə bilməyib. “Neftçi”nin oyununda keyfiyyət olduqca asağıdır. Cinahlardakı boşluqlar rəqiblərin asanlıqla fərqlənməsinə səbəb olur. Həmçinin aydındır ki, “Neftçi”nin əksər futbolçuları “Qarabağ”la oyunun ağırlığını dərk edə bilmirlər. Bəlkə də Ağdam təmsilçisinin belə rahatlıqla qələbələr qazanmasının səbəblərindən biri də budur. Oyundan sonra mətbuat konfransında iştirak edən Qurban Qurbanov bildirdi ki, bəlkə də futbolçularını ən az “Neftçi”yə qarşı motivasiya edir. Çünki rəhbərlik etdiyi komanda oyunun ağırlığını başa düşür. “Atlılar”ı “ağ-qaralar”dan fərqləndirən əsas nüanslardan biri də budur.

Bojoviçin isə “Neftçi”də qalmaq şansları daha da azalır. Düzdür, komanda hazırda avrokubok imkanlarını saxlasa da, mövsümün sonunda ikincilik və avrozonadan kənarda qala bilər. Komanda hazırda enişdədir. “Ağ-qaralar”da ciddi dəyişikliklər olmasa, çətin yaxın zamanlarda stabil oyun sərgiləyən “Neftçi” görək. Qurban Qurbanovun da dediyi kimi, həqiqətən də “Neftçi” kimi böyük klubun bu vəziyyətə düşməsi acınacaqlıdır. Hazırda “Sabah”, “Zirə”, “Sumqayıt” kimi klublar avrokuboklar uğrunda mübarizə aparırlar. Bu sayın çox olması, şübhəsiz ki, ölkə futbolunun xeyirinə olacaq.