“Neftçi”nin hücumçusu: “Finala bərabər oyun olacaq”

“Neftçi”nin əvəzedici komandası çempionatda 2023/2024 mövsümünün qalibi olub. Rəşad Abdullayevin yetirmələri sona bir tur qalmış qızıl medalları təmin edib.

“Neftçi-2″nin hücumçusu Ağadadaş Salyanskiy “FutbolPress“ə açıqlamasında çempionluqla bağlı təəssüratlarını bölüşdü:

“İlk növbədə, komanda yoldaşlarımı, məşqçilər heyətini, rəhbərliyi, azarkeşləri və bütün “Neftçi” sevənləri təbrik edirəm. Doğrudan da, gərgin çempionatın şahidi olduq. Sona bir tur qalmış qızıl medalları rəsmiləşdirdik. Yaxın izləyicimiz “Qəbələ-2″ni geridə qoymağı bacardıq. Çox maraqlı çempionat keçdi. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz çempionluq hədəfinə nail olduq. Çox sevincliyik”.

Ağadadaş 28 qolla Əvəzedicilər Liqasının bombardiridir. 19 yaşlı forvardla eyni qolu vuran “Qəbələ-2″nin üzvü Sənan Ağalarovun da aktivində eyni sayda qol var. Ağadadaş “qol kralı” olmaq istədiyini də vurğuladı:

“Düzdür, çempionluq daha vacib idi. Amma indiki məqamda bombardirlik də pis olmazdı. Hər şey sonuncu turda bəlli olacaq”.

“Neftçi”nin əsas komandası ilə də oyunlara çıxan Salyanskiy Premyer Liqanın sonuncu – XXXVI turunun “Sabah”la oyunundan da gözləntilərini bölüşdü:

“Premyer Liqada vacib oyunumuz qalıb, inşallah, qələbə qazanıb, 2-ci olmaq istəyirik. Hədəfimiz gümüş medalları qazanmaqdır. “Sabah” ciddi rəqibdir və onlara da qələbə vacibdir. Finala bərabər oyun olacaq. Düşünürəm ki, çox maraqlı görüş keçəcək. Fürsətdən istifadə edib, “Neftçi” azarkeşlərini son oyunda stadiona komandaya dəstəkləməyə dəvət edirəm”.

Ağadadaş Premyer Liqada bu mövsüm 6 oyunda 1 qolla yadda qalıb.