“Neftçi”nin futbolçusu: “Dövrəyə uğurlu start vermək istəyirik” (MÜSAHİBƏ)

“Neftçi”nin futbolçusu Azər Salahlının “FutbolPress“ə müsahibəsi:

– Toplanış necə keçir?
– Ümumilikdə çox yaxşı. Bir həftə ərzində hər gün iki məşq etdik. Həm fiziki, həm taktiki çalışmalırımız oldu. Ən çox da fiziki durumumuzu düzəltmək üçün buna ehtiyac var idi. Düşünürəm ki, fasilədən sonra bu toplanışın faydasını görəcəyik.

– Toplanışda yoxlama oyunu keçirmədiniz. Bu, necə təsir edəcək?
– Qəbələdə toplanış keçən yalnız biz idik. Buna görə də, hazırlıq oyunumuz olmadı. Öz aramızda ikitərəfli oyunlarla kifayətləndik. Buna baxmayaraq, düşünürəm ki, istədiyimiz yükləməni almışıq.

– Fasilədən öncə qış transfer dönəmində klubu tərk edəcəyinizlə bağlı xəbərlər dolaşırdı…
– Yalan məlumatlardır. Klubdayam və ikinci dövrəyə hazırlaşıram.

– Uzun müddətdir, “Neftçi”nin formasını geyinirsiniz. Təcrübəli biri kimi komandanın illərdir, durğunluq yaşamasının səbəbini nədər görürsünüz?
– Düşünürəm ki, məşqçilər və oyunçuların tez-tez dəyişməsinin təsiri var. Heyət nə qədər bir-birini, məşqçi komandanı yaxından tanısa, müsbət nəticələrə də ümid etmək olar.

– Özünüz də qeyri-stabil oyunla diqqət çəkirsiniz. Davamlı oynamamağınız nə ilə bağlıdır?
– Belə deməzdim. Ötən mövsüm qışdan sonra demək olar, bütün oyunlarda oynadım. Lakin baş məşqçi dəyişikliyindən sonra şans qazanmadım. Samir müəllim gəldikdən sonra da ilk məşqdə ciddi zədə aldım və kənarda qaldım. İndi özümü daha hazır hiss edirəm. Şans veriləcəyi halda, oynamağa hazıram.

– Növbəti matç “Sabah”a qarşı olacaq. Gözləntilər nədir?
– Oyuna ciddi hazırlaşırıq. Hər zaman ilk oyunlar çox vacibdir. Qələbə qazanıb, dövrəyə uğurlu start vermək istəyirik.

Şahin Cəfərov