“Neftçi”nin dərdi…

“Neftçi” “Araz Naxçıvan”a da məğlub oldu (1:2). Oyunsonrası mətbuat konfransında baş məşqçi Samir Abasovun dediklərində bir məqama diqqət yetirməyə dəyər:

“Məsələlərin nədən irəli gəldiyini bilirik, ancaq həll etməkdə çətinlik çəkirik. Vaxtımız var, danışıqlar apardığımız oyunçular var. Bəlkə, bunlarla nələrisə düzəldə bilərik”.

Bilirsiniz, “Neftçi”nin dərdi elə bu cümlələrdəki vəziyyətlə reallığın kontrastında gizlənib. Əslində, artıq gizlənə də bilmir; aşkar bilinir, klubun vahid idarəetmə xətti yoxdur.

Abasov Qriqorçuk kimi böyük ödənişli məşqçidən sonra gətirildi. Məqsəd daha yaxşı nəticələr idisə, onda onun istədiyi komandanı formalaşdırmaq üçün dəstək verilməliydi. Bu, yoxdur. Klubun təqsiri hər şeydən əvvəl bundadır.

Öz növbəsində Abasovun səhvi isə transfer proseslərinə tam nəzarət etməməsi/edə bilməməsidir. Bir baş məşqçi bu detalda “ipi əldən verirsə”, günahı özündə görməlidir.

O yaponun “gəlişi” ayrı bir ayıb. Abasov nəyə əsasən razılıq verib?

Oyunu bir yana, adamın “bədən dili” deyir ki, “Neftçi”nin dərdinə məlhəm ola biləcək heç nəyim yoxdur…

Hələ Meza Kollinin gəlmə ehtimalı lap ayıb. O, indiyə “muzey eksponatı” olmalıydı, necə “Neftçi”nin transfer listinə düşə bilir…

Belə olmaz. Regekampf, Mutu, Bojoviç, Qriqorçuk kimi ödənişli əcnəbilərlə yolları yarımçıq ayıran rəhbərlik guya yerli mütəxəssisə yönəldi ki, bəlkə ab-hava dəyişikliyi çarə oldu, ancaq burada hava pis keçir, ara vermir qarışıqlıqlar…

Kamil Əhməd