“Neftçi”nin çörəklə sınağı…

Dünən “Neftçi”nin azarkeş səhifəsində klubun işçisinə göndərilən imeyl yayımlandı: “Hörmətli əməkdaşlar, nəzərinə çatdırırıq ki, 08.07.2024-cü il tarixindən klubun işçiləri yeməklə təmin edilməyəcək. Xahiş edirik nəzərə alasınız”.

Bu, həm mətbuat, həm azarkeşlər, həm də ictimaiyyət tərəfindən təəccüb və təəssüflə qarşılandı.

Son iki ildə üç məşqçi dəyişməklə ən azı 2-3 milyon dolları havaya sovuran bu klubun uğursuz, səriştəsiz qərarlarının məsuliyyətini daşıyan yoxdur. Bunca uğursuzluq fonunda işçilərin yeməklə təmin olunmasından imtina edilməsi ayıb oldu.

Bu məsələ ciddi araşdırılmalıdır. Əslində, bu məsələyə görə “Neftçi” tam şəkildə ciddi təftiş edilməlidir. Bu, hansısa intriqant tərəflərin çəkişməsindən yaranan utandırıcı “mənzərədir”.

Əldə etdiyimiz məlumata görə, işçi heyətinin yemək xərcləri aylıq ən çox 15-20 min manat edir. Bu, ehtiyat skamyada oturan bir futbolçunun məvacibindən belə az olur bəzən…

Sayı-hesabı itən uğursuz transferlər fonunda klubun aşkara çıxardığı bu məsələ… Bilmirsən nə deyəsən. Biabırçılıq!

Kamil Əhməd

P.S: Məsələ ilə bağlı klubdan münasibət öyrənmək istəsək də, cavab verilməyib.