“Neftçi”də ciddi islahatlar olmalıdır”.
Bunu “FutbolPress”ə açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Novruz Əzimov deyib.
Mütəxəssis bildirib ki, öncəliklə baş məşqçi məsələsi düzgün seçilməlidir:
“Artıq baş icraçı direktor Fərrux Mahmudov vəzifəsindən ayrılıb. Hazırda Müşahidə Şurasına sədr kim olacaq dəqiq bilinmir. Komandanın bu vəziyyətdə olması, bizə də ağır gəlir. “Neftçi”nin idarəetməsində futboldan anlayışı olan insanlar olmalıdır. Futbolu, komandanı sevməlidir həmin şəxs. İdarəetmədə ciddi işlər aparılmalıdır. Öncəliklə, baş məşqçi düzgün seçilməlidir. Məşqçi təyin olunduqdan sonra həmin mütəxəssis komandasını formalaşdırmalıdır. Düzgün futbolçu seçimləri aparılmalıdır. Hər oyunçunu komandaya gətirməklə uğur qazanmaq olmaz. Kənardan elə görünür ki, “Neftçi”də hamı öz işi ilə məşğul olmur. Maliyyə çox şeydir, amma hər şey deyil. İşlərin düzgün yerinə yetirilməməsinin nəticəsidir ki, bu gün komanda avrokuboklardan uzaqda qaldı”.
Əzimov hesab edir ki, klubun strategiyası düzgün qurulmalı və baş məşqçiyə vaxt verilməlidir:
“Ola bilər ki, klubun strategiyası gələcəyə hesablansın. Amma bunun də işartıların görmək olmur. Məsələn, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”a baş məşqçi təyin olunub. Bundan 7 il sonra komanda avrokuboklara vəsiqə qazandı. Ona qədər Qurban Qurbanova vaxt vermişdilər. İnanırdılar, güvənirdilər. Digər komandalarımız da “Qarabağ” kimi strategiya qurmalıdır. Amma indiki rəhbərliklər 1 ildən sonra məşqçidən Avropada çıxış etməyi tələb edir. “Neftçi” isə bu il 2 məşqçi dəyişdi. Həmçinin komanda, sistemlərinə uyğun olmayan oyunçuları belə transfer edir. Bütün bunların hər biri uğur qazanmağa mane olur. “Neftçi” layiqli futbol sərgiləməlidir. Yaxşı nəticə o demək deyil ki, komanda yaxşı oyun göstərir. Xeyr, baxımlı oyun və nəticə paralel olmalıdır”.
Məlik Məlikov