“Neftçi”dəki səhvlərin təkrarlanmaması üçün…” – Sultanov

“Neftçi”nin beşinci pillədə qərarlaşması həqiqətən də gözlənilməz oldu”.

Bu sözləri “FutbolPress”ə açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov dedi. Mütəxəssis bu mövsüm maraqlı çempionatın keçdiyini qeyd etdi:

“Qarabağ”ı çıxmaq şərti ilə yerdə qalan digər komandaların gücləri bərabər idi. Sadəcə məşqçilərin taktiki gedişləri fərqləri ortaya çıxardı. Turnir cədvəli də kimin bu məsələdə daha uğurlu olduğunu təsdiq etdi. Düşünürəm ki, növbəti mövsüm daha maraqlı olacaq”.

Sultanov “Neftçi”nin avrokuboklara vəsiqə qazana bilməməsinə də münasibət bildirdi:

“Neftçi”nin beşinci olmağı həqiqətən də gözlənilməz oldu. Səhvlərin harda olduğunu demək çətindir. Müxtəlif yerlərdə səhv etmək olar. Bura kadr seçimləri, məşqçi təyinatı və s. məsələləri aid etmək olar. “Neftçi” avrokuboklara vəsiqə qazana bilməyibsə, burada hər bir şəxsin səhvi var. “Neftçi”dəki səhvlərin təkrarlanmaması üçün komandanı düzgün qurmaq lazımdır”.

Millinin sabiq futbolçusu komandaların avrokubok şanslarını dəyərləndirdi:

“Qarabağ”ı çıxmaq şərti ilə digər klublar haqda hazırda nəsə demək çətindir. Çünki heyət baxımından nə qədər güclənəcəklər onu bilmirik. Bu heyətlə qrup mərhələsinə vəsiqə qazanmaq demək olar ki, mümkünsüzdür”.

Məlik Məlikov