“Neftçi” mövsümə çox pis başladı. 5 turdan sonra 4 xal toplayan “ağ-qaralar” 9-cu yerdədir.
Ötən mövsüm 30 milyon manatdan yuxarı büdcə ilə çempionluğu hədəfləyən klub işbilməzlik ucbatından fiaskoya uğramışdı. Komanda yekunda 5-ci olub, heç avrokuboklara vəsiqə qazana bilmədi.
Bu mövsüm baş məşqçi postuna “Qəbələ”dən tanış Roman Qriqorçukun dəvət edilməsi azarkeşlərdə ruh yüksəkliyi yaratsa da, yenə işlər qaydasında getmir. Mümkün ən pis senari ilə davam edən vəziyyət yenə klubdaxili durumu qarışdırıb, azarkeşləri ayağa qaldırıb. 9-cu pillədə hesabat verməyin mənası yoxdur və buna görə də milli komandanın oyunlarıyla bağlı çempionatda yaranmış fasilədən əvvəl Qriqorçuk belə bir vəd vermişdi: “Fasilədən sonra hər şey yaxşı olacaq”.
Ayın 15-də “Zirə” səfərinə yollanacaq miskin “ağ-qaralar” yalnız qələbə qazanmalıdır; heç-heçə belə vəziyyəti dəyişə, düzəldə bilməyəcək.
“Neftçi”dən daha yaxşı vəziyyətdə olan Rəşad Sadıqovun komandası ehtiyatda bir oyun olmaqla 5-ci pillədədir.
Tərəflər arasında Sadıqovun “qartallar”ı çalışdırdığı 2020-ci ildən buyana komandaların duellərinə diqqət yetirək – “Zirə”nin qələbə qazandığı görüşlər qırmızı, heç-heçələr isə “bold” şriftlə qeyd edilib:
- Zirə – Neftçi 1:0
- Neftçi – Zirə 0:0
- Neftçi – Zirə 0:1
- Zirə – Neftçi 0:0
- Zirə – Neftçi 1:0
- Neftçi – Zirə 4:0
- Zirə – Neftçi 1:2
- Neftçi – Zirə 2:1
- Neftçi – Zirə 1:1
- Zirə – Neftçi 0:0
- Neftçi – Zirə 0:1
- Neftçi – Zirə 0:1
- Neftçi – Zirə 2:1
- Zirə – Neftçi 0:3
- Zirə – Neftçi 1:0
- Neftçi – Zirə 3:1
- Neftçi – Zirə 1:0
- Zirə – Neftçi 1:1
- Zirə – Neftçi 1:1
- Neftçi – Zirə 1:0
- Neftçi – Zirə 1:0
- Zirə – Neftçi 3:1
Bu görüşlərin 7-də Sadıqovun komandası üstün olub. 6 görüş heç-heçə, 9 matç isə “Neftçi”nin qələbəsiylə başa çatıb.
Hər iki tərəf üçün ağır, vacib əhəmiyyətli oyundur. “Zirə” azarkeşləri önündə oynayacaq və bu, komanda üçün əlavə üstünlükdür. “Neftçi” isə sonuncu dəfə 2022-ci ilin oktyabrında bu arenada qələbə qazanıb. Qriqorçukun komandası bu uğursuz seriyanı sonlandırmaq, həm də verdiyi “yaxşı olacağıq” vədini tutduğunu göstərmək niyyətindədir.
Kamil Əhməd