Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ən pis başlanğıca “Neftçi” uğrayıb. Dünən sıfır xalla sonuncu pillədə yerləşən “Kəpəz”ə məğlub olmaqla (3:4) “ağ-qaralar” 9 turda qələbə qazanmayan yeganə komandadır…
Tarixinin ən pis başlanğıcını, ən xaotik dönəmini yaşayan komandanın düçar olduğu vəziyyətdən qurtulmaq üçün çarəsiz olduğu görünür.
Baş məşqçi dəyişiklikləri fonunda gedən proseslər, idarəçilik böhranına əncam çəkilməməsi kimi hallar “Neftçi”ni utandırıcı vəziyyətə salıb.
Heç bir obraz yoxdur ki, önə çıxsın, təşəbbüsü ələ alsın, radikal dəyişiklik ümidi versin. Sanki can verən məfhum ortada qalıb, həkim tapılmır…
Azərbaycan futbolunun simvolu, ən yaşlı klubumuz neçə ildir can verir. Bu mövsüm isə artıq rüsvayçılıq…
Qədim Yaponiyada Harakiri adlanan intihar növü yaranmışdı. Əsrlərlə yaşadılan və günümüzədək gəlib çıxan bu intihar üsulu nüfuzlu şəxsin itirilmiş nüfuzunu bərpa etməkçün tətbiq edilirdi.
Harakirini gerçəkləşdirən şəxs qürurunun alçaldılmasına qarşı son cəhdini etmiş olurdu.
Başqa adıyla Seppuku adlananan özünəqəsd qarın nahiyəsini dəlməklə icra edilən aktdır və bunu edən nəfər bir-iki gün əvvəldən ciddi hazırlıqlar görməlidir.
Ən sevdiyi yeməyi yeyib, duş qəbul edib, arzuladığı paltarda harakiriyə başlamalıdır: bağırtısız, sakit, sükutda…
Harakiri zamanı şəxsin ən yaxın adamı şahid qismində onun yanında olmalıdır…
Elçin Cəlilov