Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. Autsayder “Səbail” “Şamaxı”nın, “Sabah” isə “Araz-Naxçıvan”ın qonağı olacaq.
Turun mərkəzi görüşündə “Zirə” üçüncü pillədəki “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. “Neftçi” “Kəpəz”, “Qarabağ” isə “Sumqayıt”la qarşılaşacaq.
Şamaxı – Səbail
Əvvəlki oyun 0:2
Son dönəmlərdə qalmaqallarla gündəmə gələn “Şamaxı” qələbəsizlik seriyasını bitirməyi hədəfləyir. Ötən turda Tovuz səfərində inamlı təsir bağışlayan “şirlər” bu dəfə autsayderin müqavimətini qırmağa çalışacaq. Heyətində itkilər olan bölgə təmsilçisində bu matçda gənclərə şans veriləcəyi gözlənilir. Ayxan Abbasov son 8 matçda cəmi 1 xal qazanıb.
“Səbail” də rəqibi kimi çətin günlər keçirir. Baş məşqçi dəyişikliyindən sonra xal qazana bilməyən “dənizçilər” turnir cədvəlinin sonuncu sırasına yuvarlanıb. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv “Şamaxı” səfərində azı bir xala ümid edir. Hüseynovun təyinatından sonra nə xal, nə qələbə qazana bilən Bayıl təmsilçisi üçün bu görüş dönüş oyunu ola bilər.
Araz-Naxçıvan – Sabah
Əvvəlki oyun 1:1
Çempionatın lideri və qış fasiləsinə “üçlük”də daxil olmağı təmin edən “Araz-Naxçıvan” mövsümün ən stabil komandasıdır. Elmar Baxşıyevin yetirmələri 15 oyundur məğlub olmur və seriyanı davam etdirmək hədəfindədir. Müdafiədə kompakt oynayan “Araz-Naxçıvan”ın əsas silahı əks-hücumlardır. İrəlidə Ramon Maçado və Felipe Santos effektiv oyunu ilə qələbələrdə əsas pay sahiblərindəndir.
“Sabah” isə yüksəlişdədir. Vasili Berezutskinin təyinatından sonra 3 oyunda 2 qələbə qazanan “bayquşlar”da atmosfer yaxşıdır. Ötən turda “Qarabağ”la heç-heçə edən komanda avrokubok iddiasını qorumaq üçün bu yoldakı əsas rəqiblərindən olan “Araz-Naxçıvan”dan xal və ya xallar almağı planlaşdırır. “Sabah” çempionatda ən effektli hücum xətti olan komandalardandır. “Bayquşlar” demək olar, hər oyun fərqlənməyi bacarır. “Araz-Naxçıvan” müdafiəsinin onlar qarşısında hansı performansı göstərəcəyi maraqla gözlənilir.
Zirə – Turan Tovuz
Əvvəlki oyun 0:1
“Zirə” son turların formada komandalarındandır. Ardıcıl iki oyunda qələbə qazanan “qartallar” üçüncü sıradakı “Turan Tovuz”la xal fərqini 4-ə endirib. “Turan Tovuz”la matç komanda üçün mövsümün ən kritik oyunlarındandır. Məğlubiyyət yenidən fərqi yüksəldəcək, qələbə isə “üçlüy”ə bir qədər yaxınlaşdıracaq. Komandanın son turlardakı performansına nəzərən “Zirə” bir addım öndə görünür.
“Turan Tovuz” isə 4 oyun sonra ötən tur qələbə qazandı. “Şamaxı” ilə matçda üç xalı çətinliklə qazanan tovuzlularda heyətlə bağlı problemlər var. Müdafiənin cinahındakı əsas silah olan Denis Marandiçinin ağır zədələnməsi komandanın bu mövqedən axsamasına səbəb olub. Hücumda da məhsuldarlıq aşağıdır. Kurban Berdıyev müdafiə futbolu ilə seçilir və “Zirə” səfərindən bu yolla qazanılacaq xallar komandaya rahat nəfəs aldıra bilər.
Neftçi – Kəpəz
Əvvəlki oyun 3:4
Tarixinin ən pis mövsümünü keçirən “Neftçi” qeyri-stabil nəticələrinə davam edir. Premyer Liqada son iki oyunu məğlub olan “ağ-qaralar” “Kəpəz”lə oyunun favoritidir. İlin son ev matçında qələbə qazanmaq və azarkeşlərini sevindirmək istəyən “Neftçi” eyni zamanda ən yaxın izləyicisindən uzaqlaşmaq niyyətindədir. “Kəpəz” 10, “Neftçi” isə 13 xalla müvafiq olaraq 9 və 8-ci pillədə qərarlaşıb. “Neftçi”də “Sumqayıt” məğlubiyyətindən sonra bəzi futbolçulara sətiraltı ismarıc göndərən Samir Abasovun “Kəpəz”lə matça hansı heyətlə çıxacağı maraqla gözlənilir.
“Kəpəz” isə elitada qalmaq mübarizəsindədir. Sonuncu sıradakı “Səbail”i iki xal qabaqlayan gəncəlilər üçün qazanılacaq bir xal da böyük nəticə hesab ediləcək. Mövsümün ilk oyununda rəqibi üzərində əzmkar qələbə qazanan “Kəpəz” bunun təsadüf olmadığını göstərməyə çalışacaq. Qələbə ilə xallar bərabərləşəcək və şəxsi duellərdəki üstünlük “Kəpəz”i 8-ci pilləyə yüksəldəcək.
Qarabağ – Sumqayıt
Əvvəlki oyun 1:0
Ötən turda “Sabah”la heç-heçə edən “Qarabağ” ikinci pilləyə geriləyib. Avropa Liqasında “Elfsborq”a məğlubiyyətdən sonra komanda ilə bağlı fikirlər yenidən neqativə yönəlib. Sıx qrafikdə olan “atlılar”ın “Sumqayıt”la görüşə ehtiyat qüvvə ilə çıxacağı gözlənilir. “Qarabağ”ın son illərdəki nəticələri ortadadır və elə vəziyyətdir ki, ehtiyat qüvvə belə APL-də hər rəqibə qalib gəlmək gücündədir.
“Sumqayıt” isə Vaqif Cavadovun təyinatından sonra oyun baxımından çox artırıb. Ötən turda “Neftçi”ni məğlub edən Cavadovun komandası gücünü sübut etmək üçün “Qarabağ”dan xal və ya xallar almağı planlaşdırır.
Şahin Cəfərov