“Neftçi” qələbə axtarışında

Premyer Liqada qələbəsi olmayan “Neftçi” IV tur çərçivəsində bu gün “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 20:30-da start veriləcək.

“Neftçi” çempionatda bu mövsüm keçirdiyi üç oyunda iki xal qazanıb. Son turda “Sabah”a məğlub olan “ağ-qaralar” “Turan Tovuz” və “Səbail”lə heç-heçə edib. Nəticələr qənaətbəxş deyil və komanda ciddi tənqidlərə məruz qalır. Problemlər fonunda bu gün qazanılacaq qələbə az da olsa, tənqidləri azalda bilər.

“Araz-Naxçıvan” isə 3 xalla 7-ci sıradadır. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv II turda “Şamaxı”nı məğlub etməklə ilk üç xalını qazanıb. “Araz-Naxçıvan” sonuncu oyununu avqustun 10-da keçirib və istirahət üçün kifayət qədər vaxtı olub. Komandanın III turda “Zirə” ilə oyununun təxirə salınması daha çox vaxtın qazanılmasına şərait yaradıb.

Oyuna hazırlıq vaxtlarını nəzərə alsaq, “Araz-Naxçıvan” daha gümrahdır. Üç turda qələbə qazanmayan “Neftçi” bu gün uğursuzluğa son qoymaq niyyətindədir.

Kamil Əhməd