“Kəpəz”in futbolçusu Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi komandanın çıxışını dəyərləndirib:
“Çempionatın başa çatmasına az qalıb. Biz futbolçular üçün bu, çox xoşdur (gülümsəyir). Gərgin oyunlardan sonra istirahətə ehtiyac var. Bizim üçün çempionat həddindən artıq çətin alındı. Xüsusən də ilk iki dövrədə istədiklərimizi həyata keçirə bilmədik. Qış fasiləsindən sonrakı çıxışımız isə gələcək üçün böyük ümidlər verdi. Fikrimcə, bu mövsüm çempionat bütün klublar üçün daha mübarizəli, rəqabətli alındı. Asan oyunlar olmadı. Yarışın həm aşağı, həm də üst hissəsində gərginlik vardı. Hazırda avrokuboklara düşmək uğrunda yarış davam edir. “Qarabağ”dan sonra qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün komandalar arasında maraqlı mübarizə gedir”.
Xvalko “Kəpəz”in mövsümün əvvəlində qarşıya qoyulan hədəfə finişdən daha tez çatdığını bildirib. Bu işdə hamının əməyinin olduğunu qeyd edib:
“Məqsəd elitada qalmaq idi. Biz zəhmətimizlə buna nail olduq. Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var. Bazada, akademiyada işləyənlər – hamımız bir olduq. Bunu unutmaq olmaz. Klub rəhbərliyi də bizim rahatlığımız üçün maksimum şərait yaratdı. Belə olan vəziyyətdə futbolçular, məşqçilər korpusu olaraq əlimizdən gələnin ən yaxşısı etməyə çalışdıq. Allah şükürlər olsun ki, bizdə alındı”. Kapitan hədəfə çatmaqda azarkeşlərin rolunu, dəstəyini xüsusi ilə vurğulayıb: “Onları ayrıca qeyd eləmək istərdim. Fanatlar bizə əla motivasiya verdilər. Buna görə minnətdarıq. Komandaya münasibətləri olduqca əladır. Böyük hesabla uduzduğumuz oyunlarda belə fərqli münasibət görmədik. Bu uşaqlar komandanı çox sevirlər”.
Mərkəz müdafiəçisi qarşıdakı iki turla da bağlı fikirlərini bölüşüb:
“Həftəsonu “Zirə” ilə keçirəcəyimiz oyun maraqlı alınacaq. Ümumiyyətlə, bizim onlarla matçlarımız həmişə gərgin keçir. “Neftçi” məğlubiyyətini unutdurmalıyıq. “Turan Tovuz” ilə görüşə gəlincə, bu, derbidir. Nəticə qazanmaq üçün xarakter göstərməli, yaxşı hazırlaşmalıyıq”.