“Neftçi” kimi rəqibdən səfərdən bir xal götürmək pis nəticə deyil”

“Turan Tovuz” Premyer Liqanın I turunda “Neftçi” ilə heç-heçə edib – 0:0.

Tovuz təmsilçisinin kapitanı Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında görüşü şərh etdi:

“Çempionatın ilk oyunları həmişə ağır olur. Həm də ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bunlara görə çox güc sərf etdik. “Neftçi”nin yeni baş məşqçisi və futbolçuları var, bu səbəbdən onları analiz etmək çətin oldu. Çalışdıq ki, onlara şans verməyək və öz fürsətlərimizdən istifadə edək. Oyunumuz da pis alınmadı, qələbə qazana bilərdik. Real qol şanslarımız var idi. “Neftçi” kimi rəqibdən səfərdən bir xal götürmək pis nəticə deyil”.

Müdafiəçi II turun “Sumqayıt”la oyunundan da gözləntilərini bölüşdü:

“Sumqayıt”la yanaşı, bizim də geniş heyətimiz yoxdur. Gedənlərimiz çox, gələnlərimiz azdır. Bəlkə, qarşıdakı günlərdə transferlər də oldu. “Sumqayıt”ın bizimlə oyuna hazırlaşmaq üçün bir həftə vaxtı var. Düşünürəm ki, çempionata qələbə ilə başlayıblar və bizimlə matça yaxşı hazırlaşacaqlar. Azarkeşlərimizin önündə oynayacağıq, çalışacağıq, qələbə qazanaq”.

Şahin Cəfərov